Verilişə baxmaq üçün qonşusunun televizorunu 3 dəfə oğurladı

12 Yanvar 2023 19:00

Rusiyada, Novosibirsk vilayətinin Barabinski rayonunda 45 yaşlı yerli sakin yeni il verilişlərinə baxmaq üçün qonşusundan üç dəfə televizoru oğurlayıb.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.

Polisin məlumatına görə, kişi ilk dəfə dekabrın 28-də televizoru oğurlayıb - bunun üçün qonşusunun mənzilində qapını zədələyib. Baş verənlərdən xəbər tutan ev sahibi oğrunun yanına gedərək əmlakını əlindən alıb. 3 gün sonra, dekabrın 31-də hadisədə iştirak edən şəxs qonşunun evdən çıxmasını gözləyib, bundan sonra, mənzilini açıb televizoru götürüb. Sahib onu yenidən qaytarıb və qonşusuna saxlamağa qoyub.

Lakin şübhəli şəxs televizorun harada saxlandığını bilib, gecə saatlarında qadının evinə girib və o, yatarkən cihazı yenidən oğurlayıb.

Ev sahibi bu dəfə dözməyib polisə müraciət edib. Oğru saxlanılıb, o, əməlini etiraf edib.

"Saxlanılan şəxs hərəkətini özünün televizorunun olmaması və Yeni il bayramlarında müxtəlif televiziya proqramlarına baxmaq istəməsi ilə izah edib", - idarədən bildirilib.

Həmin şəxs oğurluqda ittiham olunub. Həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

İrfan Vəliyev
Milli.Az