"İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Ona Allah rəhmət eləsin deyə bilmirəm. Allah ona elə bir xasiyyət vermişdi ki, Allah özü onu o xasiyyəti ilə qarğışlayıb. Ona 50 dəfə "Allah rəhmət eləsin" deməklə Allah onu bağışlamayacaq. Yaradan bir insana xasiyyət verəndə, onun qarğışını da verir. O sözümə baxacaq?".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonağı olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində deyib.
81 yaşlı sənətkar bildirib ki, o heç zaman mərhum Xalq artisti İlhamə Quliyevanı bağışlamayacaq.
"Ölüm heç bir hesabı bağlamır. Heç vaxt! Heç bir incikliyin üstündən getmir. Ölüm heç kimə bəraət qazandırmır. Ona görə ruslar deyirlər - "Həqiqətdən başqa...". Ömür boyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, baş sağlığına gəlib, deyə ki, sən məndən yaxşı oxumursan. Bu insana nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm. Evimdən cingiltili səs eşitdim.
Qızım Zümrüd qaça-qaça üstümə gəlib "Anacan, İlhaməni dayandır!" deyə-deyə qalmışdı. Qızım gördüklərini belə danışa bilmirdi. Sənə ayıb deyil? Qızımın onda səkkiz yaşı vardı. Onun niyə ürəyini paralayırdın? Gəlib görürəm ki, İlhamənin səsi bürüyüb evi", - deyə F.Kərimova vurğulayıb.
Layihənin aparıcısı Ülvira Qarayevanın "Bəlkə sağlığında Faiq müəllimə (Flora Kərimovanın həyat yoldaşı - red.) sahiblənə bilməmişdi deyə belə edirdi?" - sözlərinə Xalq artistinin cavabı belə olub:
"İlhamə deyirdi ki, sən Faiqi mənə qısqanırdın. Elə şey de ki, insanın ağlına batsın. Bağışlamıram! Bağışlayarlar əhəmiyyətli, sayan insanı. Niyə mən onu bağışlamalıyam? Nəyə görə? Mənə sataşanlara başdan deyirəm "Mənə dəyməyin. Bağışlamıram!". Çünki bu millətin çiynində alnı açıq getməliyəm. Vəssalam!"
Milli.Az