"Moody’s" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının reytinqini investisiya səviyyəsinə yüksəldib
20 Aprel 2012 09:34
Üçüncü beynəlxalq reytinq agentliyi Azərbaycana investisiya səviyyəli kredit reytinqini vermişdir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari il aprelin 19-da "Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəltmişdir.
Agentliyin mətbuat üçün açıqlamasında deyilir ki, Azərbaycanın reytinqinin investisya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən surətli inkişafını əks etdirir.
Agentlik Azərbaycanda artıq güclü və çoxşahəli iqtisadiyyatin yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə dayanıqlılığını da xususi qeyd etmişdir.
Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının kredit reytinqi investisya səviyyəsinədək qaldırılmışdır. Beləki, "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2010-cu ilin mayında, "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi 2011-ci ilin dekabrında və nəhayət "Moody's" Beynəlxalq Reytinq Agentliyi isə cari il aprelin 19-da Azərbaycan Respublikasının reytinqini investisiya səviyyəsinə yüksəltmişdir.
Dünya iqtisadiyyatında suveren borc böhranının davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının kredit reytinqinin yüksəldilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən vəə iqtisadiyyatın bütün sahələrini əhatə edən ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür.
Milli.Az