Bu yolda hərəkət dayandırılıb? - FOTO

9 Yanvar 2023 16:24

16:24

İki magistral avtomobil yolunda avtomobillərin hərəkətinin dayandırılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda bütün istiqamətlər üzrə, o cümlədən Muğanlı-Ağsu və Muğanlı-İsmayıllı istiqamətlərində avtonəqliyyat vasitələri fasiləsiz olaraq hərəkət edirlər.

Yalnız təhlükəsizlik baxımından Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən səhər saatlarında yük avtomobilləri və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələri alternativ yollara istiqamətləndirilib.

Hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməkləri tövsiyyə olunur.

--------

14:48

Ötən iki gün ərzində yağan güclü qar Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Milli.Az report-a istinadən xəbər verir ki, adlarıçəkilən magistrallarda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yük avtomobillərinin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternativ olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə tövsiyə olunur.

Qobustan, Şamaxı, Qəbələ və Ağsu rayonlarının ərazisindən keçən magistral yollar da qarla örtülüb və avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda isə qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Bu yollara təxminən 10-15 santimetr qar yağıb.

Hazırda güclü qarın yağması səbəbindən yolların təmizlənməsi işləri ləngiyir.

Milli.Az