Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu Oyunları biz izləmişik və əfsuslar olsun yenə də qeyd etməli oluruq ki, hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir. Buna baxmayaraq, bu böyük nailiyyət, - mən bunu qələbə hesab edirəm, - bir daha Azərbaycan idmanının gücünü təsdiqləyir və göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır.
Gənc idmançıların hazırlanması əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq".
Milli.Az