Moskvada yaşayış binasında partlayış: Ölənlər var

8 Yanvar 2023 17:20

Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Məlumata görə, partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Milli.Az