Astara rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər saxlanılıb.
Məlum olub ki, rayon sakinləri Rəşad Bağırov, əvvəllər məhkum olunmuş Anar Əliyev, Asif Əliyev və Yusif Kərimov Astara şəhər sakini olan Rzayevi yaşadığı evin qarşısında avtomobilə əyləşdirərək Rəşad Bağırovun yaşadığı evə aparıblar.
Orada zərərçəkmişi döyən dəstə üzvləri ondan hədə-qorxu yolu ilə 10 min manat pul tələb ediblər. Daha sonra isə həmin məbləği gətirməsi üçün sərbəst buraxıblar.
Yaşadığı evə gələn zərərçəkmiş öz tanışı Astara rayon sakini Rəşad Məlikova zəng vuraraq krimina aləmə yaxın şəxslər tərəfindən ondan pul tələb edildiyini bildirib.
Milli.Az baku.tv-yə istinadən bildirir ki, Rəşad Məlikov tanışından hədə-qorxu yolu ilə pul tələb edən şəxslərlə danışaraq gecə saat 5 radələrində Astara şəhər ərazisində görüş təyin edib. Və bu zaman onları qorxutmaq məqsədilə özü ilə gətirdiyi ov tüfəngindən bir neçə dəfə atəş açıb.
Həmin şəxslər dərhal hadisə yerindən uzaqlaşsalar da, qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN-in mətbuat xidmətinin əməkdaşı Məhəmməd Rzayev bildirib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Saxlanılan Rəşad Bağırov, Anar Əliyev, Asif Əliyev, Yusif Kərimov və Rəşad Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.
Milli.Az