Milli Qurtuluş gününə həsr olunmuş “Məhəllə kuboku” yarışı keçiriləcək

13 May 2010 17:05
Milli.Az xəbər portalı Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ilk dəfə keçirilən layihənin təşkilatçıları sırasında Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbi, Bakı şəhərinin Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələri yer alıb. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)"nda nəzərdə tutulan futbolun kütləviləşməsi, uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxması məsələlərinə töhfə vermək, yeniyetmələrin sağlam həyat tərzinə meylini daha da artırmaqdır.

Layihənin I mərhələsində Bakı şəhəri Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələrinin ərazilərində daxili turnirlər təşkil olunacaq. Oyunlar olimpiya sistemi üzrə keçiriləcək. İlk mərhələnin yekununda hər bələdiyyə ərazisində qalib gələn məhəllə final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsində isə komandalar dairəvi sistem üzrə yarışacaqlar.

Milli.Az