Yerli sakinlərin sözlərinə görə, hətta gəmiricilərin və ilanların üzərək evlərin su altında qalmayan hündürlüklərinə sığındıqlarını hər an müşahidə etmək mümkündür. Eyni zamanda, qrunt sularının toplandığı həyətlər və çökəkliklərdə ağcaqanad dumanlıqları da açıq seyr edilir. Bu isə müxtəlif xəstəliklərin yaranmasına yol açır.
Səhiyyə Nazirliyi sel sularının yaratdığı səhiyyə problemlərinin aradan qaldırılması üçün təxirəsalınmaz Tədbirlər Planı hazırlayıb. Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət bölməsinin müdiri Viktor Qasımov bildirib ki, sel suları çəkilən kimi ərazidə dezinfeksiya işləri başlanacaq: "Dezinfeksiyaedici dərman ehtiyatı yaradılıb, dezinfeksiya maşınları və tibbi heyətlər Kür və Araz çayı boyunda yerləşən rayonlara ezam edilib".
Kənd Təsəsrrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti də tədbirlər planı hazırlayıb. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli sel suları çəkilən kimi ərazidə ölmüş heyvanların cəsədlərinin zərərsizləşdirilməsi işləri başlanacağını qeyd edib: "Dövlət Baytarlıq Xidməti Kür və Araz boyu ərazilər üzrə tədbirlər planı hazırlayıb. Dezinfeksiyaedici dərman ehtiyatı var və dezinfeksiyaedici maşınlar hazır vəziyyətdədir".