Yekaterinburqda Azərbaycanın Baş konsulluğu açılıb

13 May 2010 15:33
Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən xəbər verir ki, açılış mərasimində Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin çıxış edib. O bildirib ki, Ural torpaqlarında Azərbaycanın diplomatik nümayəndəliyinin açılması təkcə münasibətlərin möhkəmlənməsində müsbət rol oynamır: "Bu, regionumuzun sözün həqiqi mənasında açıq ərazi olmaq, beynəlxalq əlaqələri inkişaf etdirmək səylərinin nümayişidir". Qubernator qeyd edib ki, diplomatik missiyanın işləyəcəyi ərazi - Uraldan Uzaq Şərqədək - Yekaterinburqu Azərbaycan üçün Sibirə qapı hesab etmək olar. Aleksandr Mişarin Azərbaycan diasporunun bölgənin inkişafındakı töhfələrini də xüsusi vurğulayıb və bildirib ki, o, Orta Uralda ən mütəşəkkil diaspor təşkilatlarındandır. Təkcə Yekaterinburqda təxminən 40 min azərbaycanlı yaşayır.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sverdlovsk vilayətinin rəhbərliyinə Uralda Azərbaycanın konsulluğunun açılmasına göstərdiyi yarıdma görə minnətdarlıq edib. O, Orta Uralla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafına əminliyini də ifadə edib. Səfir bildirib ki, Yekaterinburq və Sverdlovsk vilayəti Rusiyanın Azərbaycanla münasibətlərində xüsusi yer tutur. Polad Bülbüloğlu deyib ki, Yekaterinburq Rusiya ərazisində Azərbaycan vətəndaşlarına dəstəyi təmin edən ən iri konsulluq dairəsinə çevrilir.

Qeyd edək ki, Azərbaycan və Sverdlovsk vilayətinin əməkdaşlığı hökumətlər arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıqla bağlı sazişlərə əsaslanır. 2009-cu ildə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında mal dövriyyəsi 77,7 milyon dollar təşkil edib.

Milli.Az