Zülfüqar qılıncı həqiqətənmi ikitiyəli imiş?

29 Dekabr 2022 23:55

Zülfiqar İmam Əli ibn Əbu Talibin (ə) məşhur qılıncının adıdır. Ərəb dilindən tərcüməsi "fəqərəli" deməkdir. Bəzən yanlış olaraq "zülfiqar" sözünü "ikifəqərəli, ikiuclu, qoşatiyəli" kimi tərcümə edirlər. Əslində isə, burada "iki" rəqəmindən söhbət getmir, "fiqar" "fəqərə" sözünün cəmidir və "fəqərələr, onurğalar" deməkdir. Qılıncın tiyəsinin üzərində onurğa fəqərəsinə bənzər naxışlar və ya kərtiklər (kəsiklər) olduğu üçün ona bu ad verilmişdi. Zülfiqarın mənşəyi barədə mənbələrdə fərqli məlumatlar mövcuddur.

Zülfiqarın uzunluğu yeddi, eni isə bir qarış idi. Geniş yayılmış təsəvvürün əksinə olaraq, Zülfiqar ikitiyəli, haça uclu deyildi. Onun tiyəsinin hər iki tərəfi iti idi. Yəni bu qılıncla deşici zərbə vuranda hər iki istiqamətdə yara əmələ gətirirdi ki, bu da silahın öldürücü gücünü artırırdı.

Şiə mənbələrində göstərilir ki, Zülfiqar imamlara nəsildən-nəslə keçmişdir və hal-hazırda XII imam Mehdidədir (ə). Mehdinin (ə) zühur əlamətlərindən biri də Zülfiqara sahib olmasıdır.

Milli.Az