Avtomobillərin gətirilməsi ilə bağlı gömrük qaydaları dəyişir - Yenilik nəyə kömək edəcək?

22 Dekabr 2022 12:18

Minik avtomobillərinin Azərbaycana idxal olunması zamanı gömrükdə onlayn bəyan edilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı bildirmişdi ki, gələcəkdə minik avtomobillərinin də bəyan edilməsinin elektron qaydada tətbiq edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekxpert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, əgər bu qayda tətbiq olunarsa, avtomobillərin gömrük rəsimləşdirilməsi sürətlənəcək.

"Hazırda bu proses təqribən bir-iki gün çəkir, lakin avtomobillərin bəyan edilməsi elektron qaydada tətbiq edilərsə, düşünürəm ki, avtomobillərin gömrük rəsimləşdirilməsi bir neçə saat çəkə bilər, ancaq mexanizmin necə işləyəcəyi barədə indidən dəqiq fikir söyləmək çətindir", - deyə o qeyd edib.

Ə.Hüseynov hesab edir ki, elektron qaydanın tətbiq edilməsi avtomobil qiymətlərinə təsir etməyəcək. "Düşünürəm ki, elektron qaydanın tətdiq edilməsinin gömrük ödənişlərinə heç bir aidiyyatı yoxdur. Ona görə də avtomobillərin qiymətində hər hansı dəyişiklik olacağını söyləmək doğru deyil. Bu mexanizm avtomobillərin gömrük rəsimləşdirilməsini həm asanlaşdıracaq, həm də tezləşdirəcək", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, artıq avtomobillərə Avro-4 ekoloji standartının verilməsi prosesi elektronlaşdırılıb. Belə ki, əvvəl avtomobil sahibi ərzidə yazırdı, avtomobili göstərirdi, lakin indi bunu etməyə, avtomobili gömrüyə aparıb gözləmyə gərək yoxdu.

Milli.Az