Deşam: “Bir neçə fransız futbolçuda qrip əlamətləri var”

18 Dekabr 2022 18:11

Qətərdə keçirilən dünya çempionatında Fransa millisinin heyətində yer alan futbolçulardan bir neçəsində qrip əlamətləri var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Didye Deşam məlumat verib.

Fransa çərşənbə günü Mərakeşi 2:0 hesabı ilə məğlub edərək Dünya Kubokunun finalına yüksəlib. Fransalı yarımmüdafiəçi Adrian Rabio xəstəliyi səbəbindən oyunu buraxıb.

"Burada kondisionerlər daim işləyir. Qrip əlamətləri olan bir neçə oyunçumuz var. Virusun yayılmaması üçün hər şeyi edəcəyik. Bu baxımdan çox diqqətli və narahatıq", - Deşam bildirib.

Fransa millisinin baş məşqçisi jurnalistlərin "Qızıl top"un sahibi Kərim Benzemanın final oyununda iştirakının mümkünlüyü ilə bağlı sualını cavablandırmaqdan imtina edib.

"Mən bu suala cavab vermək istəmirəm", - deyə Deşam bəyan edib.

Qeyd edək ki, hücumçu dünya çempionatının iştirak ərizəsinə daxil edilib, lakin turnir başlamamış zədə səbəbindən komandanı tərk edib. Benzema "Real Madrid" ilə məşqlərə qayıdıb.

Xatırladaq ki, DÇ-nin final matçında Fransa millisi dekabrın 18-də Argentina yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az