Azərbaycan arfa ifaçılığı məktəbinin banisi Aida Abdullayeva xatirələrdə

17 Aprel 2012 18:04
Aprelin 17-də Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar Artist, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Aida Abdullayevanın 90 illiyi tanınmış mədəniyyət və incəsənət xadimlərinin, mərhum musiqiçinin həmkarları və tələbələrinin iştirakı ilə qeyd olunub. AzərTAc xəbər verir ki, Bakı Caz Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, əməkdar incəsənət xadimləri Aida Tağızadə, Nəzmiyyə Abbaszadə və başqaları çıxış edərək A.Abdullayevanın mənalı ömür yolundan və zəngin yaradıcılığından, pedaqoji fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuş A. Abdullayeva çətinliklərlə dolu bir həyat yolu keçib. Ömrünü Azərbaycanda professional arfa sənətinin inkişafına həsr etmiş A.Abdullayeva musiqi mədəniyyətimizin tərəqqisində mühüm rol oynayıb. Onun fəaliyyəti sayəsində arfa Azərbaycan musiqi mədəniyyətində geniş yayılıb, tədris müəssisələrində ixtisas fənləri sırasına daxil edilib, istedadlı bəstəkarlarımızın marağına səbəb olub. O, bütöv bir milli arfa məktəbi yaradıb. Tanınmış musiqiçi BMA-da 50-dən artıq peşəkar mütəxəssis yetişdirib. Onun yetirmələri hazırda ölkəmizin hüdudlarından kənarda öz müəllimlərinin ənənələrini layiqincə davam etdirirlər.

Qeyd olunub ki, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Kseniya Erdelinin yetirməsi olan A.Abdullayeva musiqi sənətində öz yolunu tapa bilib. O, geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə yeni səhifə açıb, arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyib, Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradıb.

Diqqətə çatdırılıb ki, dəhşətli repressiya dalğası ondan da yan keçməyib. Ailəsi ilə birlikdə 1942-ci ilin payızında Qazaxıstana sürgün edilib. Lakin dahi bəstəkarımız Ü.Hacıbəylinin köməyi ilə Bakıya qayıdan A.Abdullayeva həyata inamını itirməyib, ömrünü musiqi sənətinə həsr edib.

Vurğulanıb ki, çöhrəsindəki xeyirxah təbəssümü, cəzbedici məlahəti, zövqlə seçilmiş geyimi ilə hamını heyran edən, dövrünün kübar qadınlığının rəmzi olan A.Abdullayeva onu tanıyanların, tələbə və həmkarlarının xatirində öz sənətinin vurğunu, iradəli xanım kimi yaşayır.

Tədbirdə Azərbaycan bəstəkarlarının arfa üçün əsərləri ifa edilib. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin formalaşmasına əvəzsiz töhfələr vermiş A.Abdullayevanın həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Milli.Az