Begemotun qarnından uşaq çıxdı

14 Dekabr 2022 17:54

Uqandada Kasese rayonundakı kəndin sakinləri begemot tərəfindən udulmuş uşağı xilas edə biliblər.

Milli.Az bildirir ki, bu barədə "Capital Radio" məlumat yayıb.

Pol İqa adlı iki yaşlı uşaq bir müddət valideynləri tərəfindən nəzarətsiz qalıb. Uşaq gölün sahilində oynayarkən qəfildən sudan iri begemot çıxıb və onu udmaq istəyib. Hücumun şahidi olan kənd sakinləri köməyə tələsərək heyvana daş atmağa başlayıblar. Nəticədə begemot oğlanı tüpürüb və üzərək uzaqlaşıb.

Hadisə şahidlərinin sözlərinə görə, onlar hadisə yerinə vaxtında çatanda Polun yarısı artıq udulmuşdu. Huşunu itirmiş uşaq xəstəxanaya çatdırılıb. Belə bir sınaqdan sonra İqa nəinki sağ qalıb, hətta ciddi xəsarətlər də almayıb. Bu, həkimlərin təəccübünə səbəb olub. Uşaq tez sağalıb və tezliklə valideynləri ilə birlikdə evə göndərilib.

Polis azyaşlı uşaqların valideynləri ilə danışıb və onlara xəbərdarlıq edib ki, nəzarətsiz qalan uşaq vəhşi heyvanların, xüsusən də su obyektlərinin yaxınlığında hücuma məruz qala bilər.

İrfan Vəliyev
Milli.Az