Dərmanların qiyməti niyə bahadır? - RƏSMİ AÇIQLAMA

13 Dekabr 2022 12:56

"Bir çox hallarda gedib dərmanı ölkəyə gətirirlər, biz dərmanı külli miqdarda buraxa bilmirik. İnanın mənə, 2-3 qutu "Aspirin" gətirənə gömrük əməkdaşı heç bir söz demir".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, elə dərmanlar da var ki, onlara baxılmaldır:

"Qiymət məsələsinə gəlincə, qiymətlər gömrüklə bağlı deyil. Dərmanlara gömrük rüsumü yoxdur, yalnız ƏDV var. ƏDV də çox elə deyil. Dərmanlar ƏDV-dən azad oluna bilər".

Şahin Bağırov qeyd edib ki, dərman şirkətləri gətirdikləri dərmanların dərhal anbarlara aparılmasını istəyirlər: "Azərbaycanda dərmanların qiyməti ilə bağlı Tarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Əgər qiymət bu həddən artıqdırsa, o, başqa məsələ. Türkiyə ilə Azərbaycan arasında fərq isə ona görədir ki, onlar bir çox dərmanı özləri istehsal edir. Bundan başqa, Türkiyə Avropa İttifaqı ilə Gömrük ittifaqındadır. Ona görə də bunu dərman satışı ilə məşğul olan şirkətlərdən soruşmaq lazımdır. Lakin dərman dəyərinin artmasına gömrük orqanlarının heç bir təsiri yoxdur", - deyə Şahin Bağırov bildirib.

Milli.Az