İordaniya kralına Azərbaycan istehsalı olan snayper tüfəngi hədiyyə edilib
13 May 2010 12:43
İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən SOFEX-2010 xüsusi əməliyyatlar sərgisində Azərbaycan istehsalı olan İST-14,5 - "İstiqlal" snayper tüfəngi ilk dəfə olaraq xarici stenddə nümayiş olunub.
APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, 1 ədəd "İstiqlal" snayper tüfəngi İordaniya Kral Xüsusi Qüvvələrinin stendində ön sırada, bu qüvvələrin istifadə etdiyi qabaqcıl ölkələrin silahları ilə bir yerdə nümayiş etdirilib.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında snayper tüfənginin İordaniya kralı II Abdullaha hədiyyə olunduğunu qeyd edib.
Qeyd edək ki, "İstiqlal" snayper tüfəngi Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış ilk milli atıcı silahdır. Tüfəng 2200 metr məsafədə hədəfləri məhv etmə, həmçinin döyüş maşınlarına qarşı tətbiq olunma qabiliyyətinə malikdir.
/APA/