Dünya çempionatına görə bir həftə yatmayan azarkeş iflic oldu

9 Dekabr 2022 20:52

Çinin Hubey əyalətinin Uhan şəhərindən olan azarkeş dünya çempionatının bütün oyunlarını izləmək üçün bir həftə yatmayıb və üzü iflic olub.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Cao adlı 26 yaşlı futbol azarkeşi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində gecələr cəmi iki saat yatıb. Bu müddət ərzində demək olar ki, ardıcıl 12 saat matçlar oynanılıb. Çində oyunlar axşam saat 6-dan səhər 6-ya kimi yayımlanıb. Bundan sonra kişi motosikletlə ofisə gedib və bütün günü işdə keçirib. O, Çinin turnirin final hissəsində belə iştirak etməməsinə baxmayaraq, bir həftə bu ritmdə yaşayıb.

Daha bir yuxusuz gecədən sonra onun sağlamlıq problemləri başlayıb. "Növbəti oyundan sonra iki saat yatdım. Oyananda özümü inanılmaz dərəcədə yorğun hiss etdim", - Cao deyib. Buna baxmayaraq, kişi günün planlarını ləğv etməyib. Çöldə külək əsib və Cao birdən dodaqlarının hava axınına doğru hərəkət etdiyini hiss edib. Üstəlik, kişi göz qapaqlarını tərpədə bilməyib. Məlum olub ki, onun üzü iflic olub. "Mən buna çox əhəmiyyət vermədim və ofisdə fasilə vermək qərarına gəldim", - o deyib.

Azarkeş bir müddət sonra vəziyyətinin yaxşılaşmadığını anlayıb və qəribə keyimə onun işinə mane olub. Çinli xəstəxanaya gedib və orada ona üz iflici diaqnozu qoyulub. Həkim bildirib ki, soyuq küləklə birləşən yuxusuzluqdan kişi üzünün yarısını idarə etmək qabiliyyətini itirib.

Cao hazırda akupunkturdan keçir və həssalığı bərpa etmək üçün üz masajı edir. Onun sözlərinə görə, terapiya çox təsirli olub. O, internet istifadəçilərini özlərinə daha yaxşı baxmağa çağırıb.

Bu cür üz iflici müvəqqəti xarakter daşıyır. Düzgün müalicə ilə üzün həssaslığı bərpa edilə bilər.

İrfan Vəliyev
Milli.Az