Rusiya PƏNCƏSİNİ Xankəndinə qoydu - Kremlin MƏKİRLİ PLANI İŞƏ DÜŞDÜ

9 Dekabr 2022 14:46

Araik Arutyunyan kimdir ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı hər hansı bir proseslə bağlı həlledici fiqura çevrilsin. O da digər qondarma rejim qalıqları kimi Rusiyanın, Fransanın, İranın əlində maşalıq etmək imkanından başqa bir səlahiyyətə sahib deyil. Sözügedən qüvvələr onları sadəcə ortaya atıb, öz məqsədləri naminə manevr etməyə çalışırlar. 

Necə ki, bu gün belə bir məlumat yayıldı ki, Araik Arutyunyan hər şeyi edir ki, 1500 sülhməramlı öz ailələrini Qarabağa köçürsün. Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. Nəşr davamında "Bizə deyilib ki, Arutyunyan bununla bağlı Rusiyanın yüksək məhkəmə instansiyalarına müraciət edib və rus sülhməramlıların ailələrinin köçürülməsinin təşkil ediləcəyinə dair təminat alıb", cümlələrinə yer verib.

Bu, sıradan bir məlumat deyil. Bu xəbərin arxasında kimlərin hansı məqsədlərinin yatdığını bilən bilir, bilməyənlərə də mən izah edim:

Araik Rusiya ilə bu istiqamətdə danışıqlar aparır, razılıq verildiyinə dair artıq məlumatlar da var. 

İnformasiyanın doğruluğu sual altında olsa da, bunu Rusiya tərəfindən növbəti nəbz yoxlaması da hesab etmək olar. Nəzərə alsaq ki, Rusiyanın bölgədəki mövcudluğunu, yerini və mövqeyini qorumaq adına bu addım rəsmi Moskva üçün olduqca önəmli gediş sayıla bilər, o zaman hansısa tərəddüdə də yer qalmır.

Nəzərə alınsa ki, bu informasiya Araikin məhz Farnsa səfəri ərəfəsində baş verir və o, rəsmi Parisin istər Azərbaycan əleyhinə yekdilliklə Qətnamə, əsasnamə qəbul edən senatorları olsun, istərsə də dövlətə bağlılığı ilə tanınan France-24 telekanalında qondarma xunta rejiminin "prezidenti" kimi təqdim edildiyi bir vaxta baş verdi, o zaman demək ki, burada erməni propaqandası həm Fransa, həm də Rusiya ilə bu məsələləri razılaşdırıb.

Fransanın mövqeyi artıq hər kəsə bəllidir. Bu barədə çox danışmağa da artıq lüzum qalmadı. Amma Rusiyanın Azərbaycanı yenidən hər addımbaşı aldatmaq, başının altına yastıq qoymaq cəhdləri artıq gözümüzə girməyə başlayıb. 

Rusiya gah Ermənistan-Azərbaycan arasında sülh danışıqlarına töhfə vermək niyyətini bildirir, gah da bu prosesə əngəl olmaq üçün bütün variantlara əl atır. Azərbaycan kimi iranın da, Fransanın da kartları ortada olsa da, biz Rusiyadan artıq tərəfini, yaxud bitərəfliliyini müəyyənləşdirmək yönündə praktiki bir gedişin hələ də şahidi ola bilmirik. 

Paşinyanın bu gün Bişkekdə Putinlə görüşəcəyi məsələsi Bakı tərəfindən də diqqətlə izlənilir. Çox güman ki, bütün bu məsələlər tərəflər arasında masaya yatırıla bilər. Çünki biz görürük ki, Ermənistan dövlətinin Qarabağla bağlı məsuliyyəti üzərindən atdığı ilə bağlı mənzərə yaradılmağa çalışılsa da, rəsmi İrəvan tamamilə fərqli işlər görməkdə davam edir, keçmiş ritorikasına hələ də sadiqdir. Bunu tələb edən isə Rusiyadır və rəsmi Moskvanın bugünkü görüşlə də bölgədəki varlığını daha uzunmüddətə artırmaq məqsədilə Paşinyan qarşısında konkret tapşırıqlar qoyacağı istisna edilmir.

Bunu elə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Bayramovun Lavrovla görüşdə "erməni qoşunların Qarabağdan çıxarılması" haqda fikrinə "Qarabağdakı separatçıların qondarma "ordusu" oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır" cavabından da anlamaq olur. Bununla da Ermənistan dövlətinin yüksək çinli nümayəndəsi bir daha bəyan etmiş olur ki, Qarabağın "statusu" məsələsi, "müstəqilliyi" mövzusu tərəfimizdən danışıqlar masasında prioritet kimi saxlanılır. 

Bu isə faktiki olaraq Azərbaycana qarşı İrəvanın ərazi iddiasından əl çəkmədiyi, revanşist ideyalarına söykəndiklərini və ərazi bütövlüyümüzə təhdid yaratmaq davam edəcəklərinə dair növbəti mesajdır. Ermənistan eskalasiya riskini artırır. Amma görünür ona bu dəfə verilən vədlər bu qədər cəsarətlənməyə səbəb olub.

Ehtimallar yüksəkdir ki, sayları ilk gündəkindən daha çox olan Qarabağdakı sülhməramlıların ailələrinin müvəqqəti nəzarət zonalarına köçürülməsi məsələsinin birdən daha çox səbəbi var:

✔️ Rusiya görünür Ermənistan tərəfini inandırıb ki, separatçılar mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanın mövqeləri istiqamətində təxribatlar törətdiyi zaman cavab tədbirləri zamanı "sülhməramlıların ailələrinə qarşı da hücum" adı ilə rəsmi Bakını ittiham edib, onları bu risklə qarşı-qarşıya qoya bilərik. Beləcə də həm rus istəyinə çatmış olacaq - yəni həm qondarma rejim kontingent üzərindən özlərinin müdafiəsini təşkil edə biləcək, həm də Rusiya üçün əsaslı səbəblər yaranacaq ki, "Azərbaycan əsgərini dinc rus ailələri üçün real təhlükə mənbəyi" kimi təqdim edərək bölgədəki varlıqlarını əbədiləşdirmək üçün hətta Azərbaycanla üz-göz olacaq səviyyədə hərbi toqquşmalara kimi gedib çıxsınlar. 

Elə Rusiya prezidentinin imzası ilə 10 noyabr bəyanatında öhdəlik götürən rəsmi Moskvanın bu günə kimi qeyri-qanuni erməni silahlı birləşmələrini bölgədə saxlamaq, onların müqavimət imkanlarını artırmaq cəhdlərinin əsl səbəblərindən biri də bu ola bilər.  

Bu aralar sülhməramlıların fəaliyyətsizliyi ilə bağlı məsələlərin gündəm olduğu bir vaxtda mövqelərimiz istiqamətində Ermənistan tərəfindən ardıcıl atəş səslərinin eşidilməsi də məhz Rusiya üçün olduqca önəmli gedişdir. Bununla sülhməramlı kontingentin Qarabağda müddətinin daha artırılması məsələsini aktuallaşdırmağa çalışan Moskvanın seçimini bundan yana istifadə edəcəyi öncədən də bəlli idi.

✔️ Məhz sülhməramlıların ailələrinin Qarabağa köçürlməsi ssenarisinin kökündə də dayanan məqamlardan biri budur:

Qarabağda sülhməramlıların qalma müddəti qeyri-müəyyən zamana qədər artırılsın, beləcə kontingent üzvlərinin minlərlə ailədən ibarət nümayəndələri Qarabağa yerləşdirilsin. Xidmətləri dövründə ailələri də onların iş başında olduqları yerlərə yaxın yerləşdirilsinlər. Təbii ki, o yerlər Azərbaycan torpaqlarıdır, o ərazilər sülhməramlıların 10 noyabr üçtərəfli bəyanatla müvəqqəti yerləşdirildikləri məntəqələrdir. 

Nəzər salsaq görərik ki, demək olar, sülhməramlılar hər gün onlarla yük maşınıyla Laçın dəhlizi vasitəsilə Qarabağa tikinti materialları daşıyırlar. Bu məqam belə bir iddianı da ortaya atır ki, Rusiya hərbiçilərinin ailələrini Qarabağa köçürmək üçün normal şəraiti yaratmaq məqsədilə belə bir fəaliyyətlə məşğuldur. Bu detal isə Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərin tez bir zamanda ruslaşdırılası istiqamətində rəsmi Moskvanın altdan-altdan çalışdığına eyhamdır. 

Beləcə, Rusiya Abxaziya, Osetiya, Krım, Donbass, Dnestryanı ssenarisini bu dəfə Qarabağda reallaşdırmaq sevdasına düşə bilər. Bu gedişi reallaşdırmaqla da Rusiya bölgədə Qarabağın mərkəzində Azərbaycan üçün belə bir problem yaradaraq, onu əlində Bakıya qarşı təzyiq məqsədilə rıçaq kimi uzun illər istifadə etmək barədə planlar qurmuş ola bilər. Məqsəd isə bu addımı atmaqla Rusiyanın bölgədəki varlığını əbədiləşdirib, Cənubi Qafqazda digər güclərlə baş verən mövqe savaşında böyük bir üstünlüyə sahib olsun. 

Rəsmi Bakı Rusiyanın planından halidir. Çünki 10 noyabr üçtərəfli bəyanatının imzalanması ilə bölgəyə yerləşdirilən sülhməramlı kontingentin Qarabağdakı varlığından artıq 2 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycan ilk dəfə bu qədər irəli gedərək, kontingent qarşısında adi jurnalistindən tutmuş, ekoloqlarına kimi müəyyən tələblərlə çıxış etdilər, onları fakt qarşısında, aciz durumda qoydular. Yaxın gələcəkdə Azərbaycanın daha irəli gedəcəyini, Rusiyanın oyununa öz növbəti planı ilə cavab verəcəyi, hətta həmin ərazilərimizə növbəti dəfə Azəriqaz, Azərienerji səlahiyyətlilərinin də monitorinq qruplarlının səfərləri istisna edilə bilməz. Çünki həmin ərazilər Azərbaycan əraziləridir, həmin ərazilərdə yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. 

Azərbaycan öz vətəndaşlarının güzəranını və təhlükəsizliyini beynəlxalq hüquq normaları çərçivəsində yüksək səviyyədə təmin etmək, problemlərini aradan qaldırmaq iqtidarındadır. Bununla bağlı dövlət başçısı da hər çıxışında Qarabağdakı yerli ermənilərə mesaj verir. Bu mesajların yaxın zamanda reallıqda həyata keçəcəyi isə artıq şübhə doğurmur. Çünki bu fürsətdən kim necə istifadə etsə, sonrakı proseslərdə də o cür iştirak haqqı qazanacaq. Bunu Bakıda bilirlər. 

Təhməz Əsədov
Milli.Az