Qax və Qəbələdə xristian əhali Pasxa bayramını qeyd edib

17 Aprel 2012 09:33
Bir neçə günlük müxtəlif mərasimlərin sonunda hər bir xristian ailəsində xüsusi bayram şənliyi təşkil edilib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, şənbə gecəsində bütün kilsələrdə gecə duası aparılır və bütün xristianlar İsa Peyğəmbərin dirilməsi üçün dua edirlər. Qaxda dini ayinlərin icrası bazar günü səhər saatlarınadək davam edib. Bayram günü də insanlar gəlib, şam yandırıb dualar ediblər.

Bayram öncəsi bütün evlər tər-təmiz yığışdırılır və bayram atributları ilə bəzənilir. Bayrama bir neçə gün qalmışdan əhali kilsələrə gedir. Bu günlərin hər birinin özünəməxsus xüsusiyyətləri var. Bayram ərəfəsində yuymurta boyanması, səməni qoyulması, şam yandırılması, pasxa adlı çörək bişirilməsi isə əsas adətlərdəndir. Bütün xristianlar Pasxa bayramında bir-birinə "İsa dirildi!", cavabında da "Həqiqətən dirildi!" deyirlər. 40 günlük orucluqdan sonra qeyd edilən pasxa bayramında hər bir ailədə qurbanlar kəsilir. Bayram süfrəsi açırlır. Pasxa bayramı əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir.

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa və Kala Axsibay bayramlarını qeyd ediblər. Aprelin 15-də Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil edilən bayram mərasimində yüzlərlə pravoslav udin iştirak edib. Udinlər kilsədə şam yandırıb, məbədin ətrafına dövrə vuraraq dualar ediblər. Dini ayinlərin icrasından sonra Cotari kilsəsinin həyətində udin xalqının qədim Kala Axsibay bayramı da qeyd olunub. Artıq ikinci ildir ki, bu bayram kilsədə təntənə ilə keçirilir. Bayram tədbirində 172 ildən sonra udin xalqının qədim ənənəsi canlanıb, milli musiqilər, udin dilində mahnılar ifa olunub, müxtəlif yeməklər və şirniyyatlar təqdim edilib. Udin dilində böyük bayram adlandırılan Kala Axsibay 1836-cı ildə bir sıra səbəblərə görə Alban kilsəsinin bağlanmasından sonra rəsmi olaraq qeyd edilməyib, udin xalqı kilsəyə getməkdən imtina edərək ibadətlərini evlərində ediblər. 2002-ci ildə əsaslı bərpa olunan Cotari məbədi udinlərin dini ayinləri yerinə yetirmək və Kala Axsibay bayramını keçirmək üçün istifadəyə verilib.

Milli.Az