"Yaxınlarım makiyaja görə məni qınayır"

9 Dekabr 2022 15:04

"Qarşıdan 2023-cü il gəlir. Yeni ildən gözləntim odur ki, təki can sağlığı olsun, doğmalarım hər zaman mənimlə olsun, xəstəliklər olmasın. Qalan hər şey öz yoluna düşər inşallah. Hal-hazırda iki teatrda çalışıram. Həm Dövlət Kukla Teatrında, həm də Akademik Musiqili Teatrında. Kukla teatrında uşaq tamaşalarında oynayıram, repertuar genişdir, 40-a yaxın tamaşamız var. Onun da ən azı 5-6 da oynayıram. Akademik Musiqili teatrda çox təəssüf ki, ciddi bir rolum yoxdur. İllərdir bu sözü deyirəm ki, müzikl oynamaq istəyirəm. Teatrımızda bütün şərait ola-ola, həm xor, truppa, orkesr, xor mövcuddur. Səbəbini də bilmirəm ki, niyə müzikl qoyulmur".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Əliyeva deyib. O, daha sonra əlavə edib.

"Tənqidi sevirəm və hər zaman özümə tənqidi yanaşıram. Mənim həyatda ən böyük tənqidçilərim valideynlərimdir. Fərqi yoxdur, istər verilişə çıxım, istər tamaşada oynayım, istərdə də filmə çəkilim, gəlib baxırlar. Onların fikri mənim üçün önəmlidir. İlk onların fikirlərini öyrənirəm. Bir də baxır tənqidi kim edir?! Dünyagörüşlü bir insan tənqid edərsə, bunu qəbul etmək çətin deyil. Tənqidlərlə daha çox sosial şəbəkədə üzləşirik. Bəzən elə misallar çəkirlər ki, təsəvvür edin ki, onların misal çəkdiyi şeylərlə mənim aramda böyük bir məsafə var. Ordan artıq onların məlumatsız olduğu və yalan danışdığı bilinir. Amma qərəzsiz tənqiddən nəticə çıxarmaq yaxşı xüsusiyyətdir" deyə aktrisa bildirib.

Aktrisa adi həyatda komplekssiz olduğunu və makiyajdan çox az istifadə etdiyini bildirib.

"Qətiyyən kompleks sahibi deyiləm. Bəzən komplekslə əxlaqı səhv salırlar. Çərçivələr mütləq olmalıdır. Mən adi həyatda makiyajdan çox az istifadə edirəm. Demək olar ki, yox dərəcəsində. Sport, rahat geyimlərdə gəzirəm. Yaxınlarım tez-tez qınayır ki, niyə makiyajdan az istifadə edirsən?! Axı sən tanınmış aktrisasan, insanlar səni görür.  Çəkilişlərdə, səhnədə o qədər bəzənib-düzənirik ki, adi həyatda sadə görünmək istəyirik" deyə aktrisa bildirib.

Aktrisa sevgidən də danışıb.

"İki şəxs arasında mütləq şəkildə hörmət olmalıdır. Daha sonra isə anlayış və sevgi. Şükürlər olsun ki, bizdə hər şey var. Nə yaxşı ki, həyatımda onlar oldu. Bu günkü günlərimin dəyərini çox gözəl bilirəm. Bu gün anlayıram ki, insan sevəndə necə olur? İnsan sevəndə xoşbəxtlikdən gözlərinin içinin parıldamağını da görmüşəm. Allah bu sevgini əlimizdən almasın" deyə aktrisa bildirib.

Milli.Az