Dünyanın ən varlı 5 ailəsi - Trilyonluq sərvətə sahibdirlər

8 Dekabr 2022 21:32

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən varlı ailəsi hesab olunub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. "Bloomberg" agentliyinin məlumatına görə, Əl Nəhyanın sərvəti təxminən 300 milyard dollar qiymətləndirilir.

Əbu-Dabi ailəsi isə maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə 27.000-dən çox işçisi olan "Royal Group"un sahibidir. Ailə İngiltərənin "Mançester Siti" futbol klubunda, Elon Maskın "SpaceX" şirkətində və Rihannanın "Savage x Fenty" moda evində pay sahibidir.

Reytinqin ikinci pilləsində, sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən "Walmart" mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk "beşlik"də, həmçinin şirniyyat şirkətinin təsisçisi olan Mars ailəsi (160 milyard dollar), "Koch Industries" sənaye konqlomeratını idarə edən Kox ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) yer alıb.

Bu 5 ailənin birgə sərvəti 1 trilyon dollara yaxındır.

Milli.Az