Səhiyyə TV-nin rəhbəri: "Azərbaycanda bunu ilk dəfə biz etdik" - Müsahibə

8 Dekabr 2022 12:40

Məlum olduğu kimi, ​Audiovizual Şuranın noyabrın 30-da baş tutan iclasında peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə quruma daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra bir neçə TV-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası təqdim edilib ki, onlardan biri də Səhiyyə TV-dir.

"Səhiyyə TV" MMC-nin rəhbəri Azər Xudiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azər müəllim, yaxın günlərdə Audiovizual Şura tərəfindən "Səhiyyə TV" MMC-yə platforma yayımçısı lisenziyası verilib. Sizi təbrik edirik! 2022-ci il aprelin 1-də fəaliyyətə başlamısınız. Qısa müddətdə uğura nail olmağınızın sirri nədir?

- Ümumiyyətlə, media barədə mənim öz rəyim var. Fikrimcə, medianın işi belədir ki, informasiya alınır, təxəyyülə ötürülür, düşüncədə emal olunub izləyicilərə və yaxud hansısa nöqtəyə çatdırılır. Biz düşüncə istehsal edən və çatdıran media mənbələri kimi çıxış edə bilərik, amma daha dar sahəni - səhiyyə ixtisasını götürdük və bu istiqamətdə peşəkar addımlarla işə başladıq.

Səhiyyə işi bizim üçün çox tanışdır - özümü və yaxın ətrafımı nəzərdə tuturam, amma bu sahədə ayrıca media fəaliyyəti yoxdur düşüncəsini əsas götürməmişik. Mənim 22 ilə yaxın səhiyyə istiqamətində fəaliyyətim var, Azərbaycanın daxilində, xarici ölkələrdə çalışmışam.

Səhiyyə sahəsi informasiya dövriyyəsi baxımından çox dinamik bir seqmentdir. Azərbaycan səhiyyəsinin inkişafı dünya səhiyyəsinin inkişafına baxıb irəliləyir. Sirr deyil ki, dünya səhiyyəsi Azərbaycandan çox inkişaf edib, amma onu da deməliyik ki, bu inkişafa çatmaq üçün ölkəmiz böyük addımlarla irəliləyir. Çünki ehtiyac zərurəti formalaşmağa vadar edir.

Bizim tələbələrimiz, həkimlərimiz xariclə daim əlaqədədirlər, konfranslarda, tədbirlərdə çıxış və iştirak edirlər, xariclə daim get-gəl var, hətta xəstə axını amilini də bu dinamikanın ayağına yaza bilərik.

Biz dünya tibbinin Azərbaycana gətirilməsinə tərəfdarıq və fəaliyyətimizi bu istiqamətə bir töhfə kimi düşünmüşük. "Medical Media" olaraq pandemiya ərəfəsində formalaşmağa başladıq, insanlara əsaslandırılmış tibbi çatdırmaq üçün start götürdük. İnternet üzərində tibbi televiziyamızı formalaşdırır, daim həkimlərimizi verilişlərimizə dəvət edirdik. Bu gün dünya təcrübəsi üçün deyilə biləcək tele-səhiyyənin, tele-təbabətin əsasını yaratdıq. Gün ərzində fərqli ixtisaslardan həkimlərimizi canlı efirlərə dəvət edirdik. Düşünürəm ki, bununla tele-təbabətin, həmçinin tibbi jurnalistikanın təməlini qoyduq.

Son nəticə olaraq həkimlərimiz tele-təqdimata hazırlıq mərhələsini keçdilər və bununla ciddi nailiyyət əldə etdilər.

Həkimlərimiz arasında dünya televiziya məktəbini keçənlər də var. Hətta bəziləri tibb sahəsini deyil, jurnalistikanı seçiblər. Bəlkə buna görə Tibb Universitetində daha çox xanımlar təhsil alır və onların əksəriyyətinin daxilində aparıcılıq istəyi var. Həkimlərimiz ziyalı insanlardır, elmin insanlara çatdırılmasını bir fədəkarlıq borcu sayırlar.

Dünya tibb sahəsinin təqdimatı rəngarəngdir. Biz onlardan nələrsə götürürük, əxz edirik. Dünya üçün yeni modelik. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, biz səhiyyə televiziyası olaraq nadir televiziyayıq ki, 7/24 saat yayımdayıq, kolorit komediyası, səhər layihəsi, xəbərlər, bölgələrdən canlı efir yayımları var. 20-yə yaxın layihəmiz işləyir.

- Televiziyanızın adından da göründüyü kimi layihələrinizin əksəriyyəti tibblə bağlıdır. Amma şou xarakterli "Deməsəm olmaz" adlı bir verilişiniz də var...

- Bəli, qeyd etdiyiniz kimi layihələrimizin əksəriyyəti tibb sahəsi ilə bağlıdır. Yalnız bir şou xarakterli verilişimiz var, onu da mental sağlamlıq sahəsinə adaptasiya edirik. Gündəlik maqazin verilişi istehsal edirik, ediriksə peşəkar edəcəyik, maksimumu seçəcəyik...

- Beləliklə, səhiyyə televiziyası olaraq ilk uğurunuz platforma yayımçısı lisenziyası almağınız oldu...

- Sözsüz ki, bunu zəhmətin sinəsinə taxılan bir medalı kimi qəbul edirik. Bu, camiəmizə, cəmiyyətimizə çatmaq resursunun gücləndirilməsi deməkdir. Bu gün onu dəyərləndirmə və bir imkan kimi qiymətləndirirəm.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını aldıq, inşallah, peyk platformasını da əldə edəcəyik, buna iddiallıyıq.

- Audiovizual yerüstü yayım hədəfiniz varmı?

- Bu gün bu hədəf maksimalizm kimi qiymətləndirilə bilər. Halbuki digitalın hazırkı inkişafı ona bir o qədər də zərurət yaratmır. İstər maddi cəhətdən, istərsə də resursların daha çox xərclənməsi baxımından yerüstü yayım hədəfi səmərəli deyil.

Biz elə bir televiziya məkanı formalaşdırmaq, müasir televiziya qurmaq iddiasındayıq ki, digital üçün meydançalar yaradılsın, efir vaxtı sadəcə sözlə doldurulmasın, sözün qüdrəti beyinlərə, düşüncələrə nüfuz eləsin, tamaşaçıya dəqiqləşmiş karkaslardan ibarət müasir televiziya təqdim olunsun. "Az, amma dadlı edərəm" düşüncəsi ilə televiziya formalaşdırmaq niyyətində və iddiasındayıq.

- Deməli, fəaliyyətinizin sferasını genişləndirmək fikriniz yoxdur...

- Cəmiyyətdə gedən istənilən prosesə - olsun lap ictimai-siyasi proses - çox rahatlıqla tibbi don, yəni psixi-emosional, mental don geyindirə bilərik. Hadisəni yalnız təqdimat kimi yox, onun kökündə nə dayanır və sair kimi suallara cavab olaraq təqdim etmək lazımdır.

Cəmiyyət faktla deyil, nəticə ilə yaşamalıdır. İnsanın yeməyi, paltarı varsa, o, xoşbəxt, uzunömürlü, sağlıqlı yaşamaq arzusundadır. Deməli, tibb insan fəaliyyətinin bütün sferalarına təmas edir... Bu mənada hər bir prosesə bu düşüncəni təqdim etmək istəyirik.

- Sualımızı sadələşdirək: Səhiyyə TV cəmiyyətimizə nə verəcək?

- Səhiyyə TV cəmiyyətə onun arzusunda olduğu hər şeyi verəcək deyə bir fikir yoxdur. Birincisi, cəmiyyət istədiyini alır, ikincisi, veriləni götürür. Səhiyyə TV anlayışı sadəcə televiziya deyil, bir hərəkatdır. Efir xətrinə fəaliyyət göstərən bir subyekt deyil, məqsədli və ideyalı televiziyadır. Teleməkanda fərqimiz bundan ibarətdir.

Sadəcə bir aparıcı deyilik, ideyanı yaradan, inkişaf elətdirən, dünyaçılıq, bəşəriyyətçilik missiyası olan, xilasa yönəlik bir televiziyayıq.

Həkimlər fədakar peşə ilə məşğuldurlar. Bu mənada ideyamız bütün dünyanı, bəşəriyyəti qurtarmaq cəhdinə köklənib. Xilasın məhz bu şəxslərdə olmasını çatdırmaq fikrindəyik. Səhiyyə televiziyasının əqidəsi lokal deyil, strategiyamız böyükdür.

Bu gün taktiki addımlarımız televiziya layihələridir. Böyük düşüncəmiz isə Azərbaycan modelini bütün dünyada yaratmaqdır. Deyə bilərsiniz ki, fövqəl, abstrakt danışırsınız, xeyr...

- Xarici ölkələrlə layihələriniz varmı?

- Əlbəttə, bu günə qədər düşünülməmiş heç bir addım atmamışıq. Bu gün Azərbaycanın xaricində nə qədər həkim var? Dünyada 10 min azərbaycanlı həkim, fərqli ixtisaslarda çalışan professor, şöbə müdiri, böyük uğurlara nail olmuş insan xaricdə çalışır. Bu "NetWork"dan istifadə edərək televiziyanın gələcəyini qururuq. Və dünya televiziyasına keçid eləmək niyyətindəyik. Niyə də olmasın? Niyə lokal düşünməliyik?..

- Azər müəllim, ixtisasca həkimsiniz?

- Xeyr, politoloqam, ixtisasım üzrə fəlsəfə doktoruyam.

- Bəs nəyə görə səhiyyə mediasını seçmisiniz?

- Dünya və cəmiyyət üçün fərqlilik yaratmaq lazımdır. Dünyanın inkişafı yalnız ondadır. Biz sadəcə olaraq dəyişikliklərə, ixtiralara, inkişafa kənardan baxmışıq. İxtiraları özümüz etməliyik və dünyaya töhfə verməliyik.

Niyə məhz bu sahəni seçmişəm? Mən əczaçı çörəyi ilə böyümüşəm, atam əczaçı olub. Sözsüz, bu və ya digər mənada siyasi düşüncə, siyasi fəaliyyət məni cəlb edib. Siyasi düşüncəni işimizdə müəyyən qədər tətbiq də edirik, amma bu gün bu işlə məşğul olan yüzlərlə peşəkar var. Sıradan biri olmaq niyyətində deyiləm.

- Səhiyyə sahəsinin idarəedicilərinin, cavabdehlərinin televiziyanıza münasibəti, reaksiyaları necədir? Razı, ya narazısınız?..

- Düşünürəm ki, onların mediayaya təsirləri olmamalıdır. Media azad söz mənbəyidir. Bizim də işimiz tənqidi inkişaf etdirməkdir. Evolusiya vacib şərtdir. Bu gün cəmiyyətimizin sivil dövlət prinsiplərinə uyğun olaraq inkişafını bu cür görürük.

Səhiyyə TV yeni mediadır, kənardan çox maraqla izləyirlər, lokal əməkdaşlığımız var. Amma biz müstəqil televiziya modelini uyğun bilmişik və axıra qədər buna davam edəcəyik. Hamıya eyni məsafədə davranış olacaq və heç vaxt baxış bucağımızı dəyişməyəcəyik.

Sözsüz ki, bu gün daha iri addım atmağımız vacibdir. Lokal düşüncədən çıxmalıyıq. Əgər çalışsaq ki, fəaliyyətimizdəki maqmatizmi adminstrativ istiqamət yönəltsin, bu, bizim işimizi və düşüncə tərzimizi minimallaşdıracaq. Əksinə, qoy bizim arxamızca qaçsınlar. Onlar üçün ideya və mayak olaq.

- Bir müddət öncə Rusiyanın ORT kanalının "Yaşamaq gözəldir" proqramının həkim aparıcısı Yelena Malışeva sizin dəvətinizlə Bakıda olub, ukraynalı həkim və aparıcı Yevgeni Komarovski verilişlərinizin birində qonaq kimi iştirak edib. Bu cür cəhdlər nəyi ifadə eləyir? Ümumiyyətlə, mümkündürmü televizyanın efirində gələcəkdə başqa ölkənin tanınmış aparıcılarından kimisə görək?

- Sözsüz ki, icra etdiyimiz layihə yalnız televiziya anlamlı deyil. Anlam dünya tibb mediasının formalaşdırılmasında iştirakdır. Bu mənada kənardan öyrəndiklərimiz də var. Gələcəkdə inkişafın yeni pillələrinə yetişmək, hətta dünyanın bizimlə ayaqlaşmaq iddiasının yaranmasına səbəbkar olmaq məqsədimiz də var.

Bəli, Yelena Malışeva bizim qonağımız olub. Çox maraqlı və peşəkar bir insandır, həm həkim, həm də sahibkar və teleaparıcı kimi. Həmçinin Yevgeni Oleqoviç Komarovsk studiyamıza gəlib. Yelena Malışeva televiziyamızı gəzəndə böyük fəxrlə, təəccüb və qısqanclıqla dedi ki, Azər, biz Rusiyanın Birinci kanalda sadəcə bir layihəyik, gör siz nələr etmisiniz?.. Tibbi televiziya üçün nə böyüklükdə töhvə vermisiniz... Fədakarlığınız bura qoyulan zəhmətdən bilinir.

Bu qiymətləndirmə bizə mənəvi stimul verdi. Maddi tərəfini düşünmədən yatırımlar edirik, bu komandamızla daha yaxşı işlər görmək üçün zəmin var.

- Sərf etdiyiniz yatırımın neçə faizini götürə bilirsiniz? Bu, Azərbaycanda mümkündürmü?

- Azərbaycanda media aldığı bir şeyin əvəzini on qat qaytarmalıdır. Uzun müddətli iş münasibətləri bu prinsiplə formalaşa bilər. Tibb sahəsində Azərbaycanın inanılmaz potensialı var. Dünya üçün demirəm, amma çərçivələrimizin kənarında yaşayan dövlətlər, vətəndaşlar üçün elə bir imkanlar yaratmaq lazımdır ki, Azərbaycana böyük bir səhiyyə turizmi inteqrasiya etsin. Bizdə bu potensial var.

- Hərçənd Azərbaycan həkiminin obrazı o qədər də müsbət deyil. Əhalimiz müayinə və müalicə üçün Avropaya, Türkiyəyə gedir. Siz isə daha nikbin danışırsınız...

- Mən fikirlərimi sadəcə söz üçün demirəm. İşin içində olduğuma görə iqtisadi biliklərimə əsaslanaraq vəziyyəti real qiymətləndirirəm. Əlbəttə, bu işdə tək mənim düşüncəm və təşəbbüsümün olması çox azdır. Dövlətimizin dəstəyinə çox böyük ehtiyac var. Mənim düşüncələrim və dövlətimin konsepsiyası sahibkarlığın, səhiyyəmizin inkişafına töhfə kontekstində eynidir. Ölkədə Naftalan, Duzdağ kimi böyük yatırım qoyulmuş, beş ulduz səviyyəsində otelləri olan səhiyyə obyekləri var. Azərbaycanda təbiət nemətləri səfalıdır, şəfalıdır. Sadəcə olaraq onları təqdim etməkdə zəifik. Ən yaxşı halda üç ay işləyir, doqquz ay isə boş qalır.

Məsələn, Yelena Malışevadan xahiş etsəm, bizə dəstək olun, efirdə bir dəfə Naftalan neftini əlinizlə üzünüzə çəkin və deyin ki, çox şəfalıdır. O resursa görə Rusiya vətəndaşları Azərbaycana böyük axın edər. Bu məsələlərdə səhiyyə televiziyasının, bizim düşüncəmizin və dövlətimizin imkanları səfərbər olduqda öz istiqamətimizin on qatını yarada bilərik.

- Həkimlərin, səhiyyə mütəxəssislərinin sizin media qurumuna münasibəti necədir? Televiziyaya dəvət edəndə kriteriyalarınız baxımından sizi qane edirlərmi?

- Bu gün teleməkanda böyük bir azadlıq var. Çox tənqid etmək istəmirəm, amma xoşagəlməz hadisələr az deyil. Əminəm ki, bunu müvafiq rəhbərlik də, cəmiyyətdə olan ziyalı toplumu da görür. Bizim düşüncəmizə görə, tibbi bilikləri cəmiyyətə çatdıranlar onu fərdi şəkildə etməməlidirlər.

Tibb dəqiq elmdir, onun tələbi fərdi düşüncə ilə ödənməməlidir. Kiminsə şəxsi qənaəti, təcrübəsi ola bilər. Amma bunu böyük bir kütlə üçün tətbiq etmək düzgün deyil. Məsələn, desəm ki, banka qoymaqla xəstəni sağaltmışam, hamı koronavirusu banka ilə sağaltmağa çalışacaq.

Biz həkim assosiasiyalarının, birliklərinin fikrini, nailiyyətini ictimailəşdirməyə tərəfdarıq. Bu, daha etibarlı və düzgün təqdimatdır. Azərbaycanda 40-a yaxın tibbi ictimai birlik var, onlar yeni-yeni formalaşır, inkişaf edir, daha detallı peşə bilikləri də var. Onlarla memorandum bağlamışıq, bu, teleməkan sahəsində yenilikdir. Fikrimizcə, tibbi informasiya həkim birliklərinin yekdil fikri əsasında ortaya qoyulmalıdır.

- Bizdə isə fərdi həkimlərin nüfuzu daha böyükdür...

- Bu gün fərdi həkimlər teleməkanda şou xarakterli verilişlərdə formalaşır və buna təəssüf edirəm.

- "Səhiyyə şousu" da demək olar.

- Xeyr, "səhiyyə şousu" sözünü qəbul etmirəm. Səhiyyə şou deyil, fədakarlıqdır.

- Sizin efir məkanınızda problemləri işıqlandırmaq məsələsi necədir?

- Cəmiyyətin inkişafı üçün tənqid çox vacibdir. İstər cəmiyyətdə, istərsə də səhiyyədə çatışmayan halları bilirik. Bunun üçün evalutiv istiqamət almışıq. Yalnız tənqid etmirik, tənqidlə yanaşı onun çıxış yollarını da tapmaq istəyirik. Biz sadəcə araşdırıcıyıq, çox gənc televiziyayıq, problemlər haqqında çox danışmalıyıq ki, daşlar, qayalar parçalansın.

- Bayaq da qeyd etdik ki, Azərbaycan həkiminin obrazı ilə bağlı fikirlər birmənalı deyil, müxtəlif və ziddiyətlidir. Bu istiqamətdə nə kimi layihələriniz var? Hərçənd pozitiv fikirlər bildirdiniz...

- Nikbin fikirlərim əsaslıdır. Problem varsa, onun həll yolları da olmalıdır. Şəxsən bilirəm ki, maneə ilə üzləşməsək, televizya olaraq iki ildən sonra harada ola biləcəyik. Təbii ki, maneələr inkişafda labüddür. Qalır maneələri dəf eləməyin yollarını tətbiq etmək... Əlbəttə, mən "Azər televiziyası" yaratmaq niyyətində deyiləm, bu, həkimlərimizin teleməkanıdır...

Bu günün həkim obrazı fərqlidir. Sovet dövrünün, 90-cı illərin və bu günün də həkim obrazı eyni deyil. Kapitalizmin kriteriyası başqadır, tibbin inkişafı üçün maliyyə lazımdır. Bu gün insanlar özəl klinikalara qorxa-qorxa gedirlər ki, nə qədər pul xərcləyəcəklər... Özəl klinikalarda "xəstədən daha çox pulu necə ala bilərəm" düşüncəsi var.

Bu gün dövlətimiz bu işə qədərincə maliyyə yatırıb. İcbari Tibbi Sığorta (TƏBİB) funksional olaraq fəaliyyət göstərir. Deyim ki, vəziyyət yüz faiz qənaətbəxşdir, abartmış olaram. Amma tibb inkişaf mərhələsindədir və əminəm ki, uğura çatacağıq. Amerika, Avropa tibbi sosial dövlətinə çata biləcəyik. Həkimlərə olan etibarsızlığı aradan qaldırmalıyıq. Bunu necə etməliyik? Həkim düşüncəsini cəmiyyətə yaxınlaşdırmaqla...

- İdeyalarınızın reallaşmasında jurnalist kadrların fəaliyyəti sizi qane edirmi?

- Bu gün peşəkar jurnalist sayı çox azdır. Bizim düşüncəmizdə tibb təqdimatçılığı və sonradan tibbi jurnalistika yaratmaq fikri var. Buna ehtiyac böyükdür. Tibbi jurnalistika mövzunu ekran önündə olan insana asan və peşəkarcasına çatdırmalıdır.

- Azərbaycanda da, elə dünyada da xəstə insanların sayı az deyil. Sizin auditoriyanın rəsmi statistikası buna adekvatdırmı?

- Bizim auditoriyamız təkcə xəstələrdən ibarət deyil. Biz hamıya xitab edirik. Bu gün mediada hamıya çatacaq, ölməyən informasiyamız var. Digitalda zəngin kitabxana yaratmışıq. Buna görə verdiyimiz məlumatın üzunömürlü olacağına şübhəmiz yoxdur.

- Həyata baxış tərziniz maraqlı və fərqlidir. Tanınmış iş adamı kimi uğurunuzun düsturu barədə...

- Uğurumun düsturu əziyyət çəkməyim olub. Səviyyəyə çətinliklə gəlmişəm. Əczaçı ailəsində böyümüşəm, orta statistik bir ailənin övladıyam. Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşdum, birinci kursun sonundan aptekdə atamın işinə yiyələnməyə başladım. Artıq ikinci kursdan gecə növbəsində işləyirdim. Ehtiyacım vardı. Bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirdim.

Zərurət inkişafın təməlidir. Zərurət varsa onu edəcəksən, çalışacaqsan, vuruşacaqsan. Zəhmət, inam və zərurət... İnam çox vacibdir. Ayrı-ayrı insanlara da, bütöv komandaya da... İnsan təkbaşına inkişaf edə bilməz. Həyatda lotereya yoxdur.

- Yeri gəlmişkən, başqa ölkələrdə Səhiyyə TV-nin analogiyası varmı?

- Bu formatda televiziyalar olub, amma hazırda fəaliyyət göstərmirlər. Çünki bu, böyük bir altruizm, geriyə dönüşü olmayan əziyyət tələb edir.

- Azər müəllim, sizə stimul verən əsas leytmotiv nədir?

- ABŞ-ın qurucularından olan Bencamin Franklin prezident olmayana qədər də tanınırdı, ixtiraçı idi. Mən əminəm ki, onun əqidəsi prezident olmaq deyildi. Onsuz da bəşəriyyətə xeyir vermişdi.

İnsan "mən prezident olacam" əqidəsi, məqsədi ilə yaşasa, yanıla və həyatda özünü məhdudlaşdıra bilər. Mənim düşüncəm bəşəriyyətin xilas naminə çalışmaqdır, dünya həkimlərinin birliyini yaratmaqdır. Bu gün texnologiyanın inkişafı həkimlərin savadından və fədəkarlığından istifadə edib, dünya həkimlərini bir yerə cəmləməyə imkan verir.

Məqsədim, məsələn, Afrikada yarıçılpaq vəziyyətdə qalmış uşağa kömək etmək həvəsiylə dünyanın xilasına nail olmaqdır. Bu peşə buna imkan verir, mühəndis olsan kömək edə bilməzsən, həkim isə ona yardım edəcək. Bu, bəşəriyyəti qurtarmaq üçün bir imkandır.

- Səhiyyə TV yalnız Azərbaycan dilində yayımlanır? Başqa dillərdə fəaliyyət göstərməyi planlaşdırırsınızmı?

- Yaxın gələcəkdə türk dilində də fəaliyyət göstərmək niyyətindəyik. Türkiyədəki həkimlərimizlə körpü yaratmağa çalışırıq. Biz Azərbaycana dünyanı gətirmək istəyirik. Gələcəkdə bizim ixtiralarımız, tibbin inkişafı dünya üçün bir töhfə olacaq. Sadəcə birinci gətirmək, sonra başqalarına da ötürmək lazımdır. Hazırda bu proseslər gedir.

- Bir neçə kanalla əməkdaşlıq edirsiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Səhiyyə televiziyasının digər kanal və media qurumları ilə münasibəti çox yaxşıdır. "Speys" və "Xəzər" televiziyası ilə müştərək tibbi layihələrimiz var. "Cangüdən" verilişimiz "Xəzər" televiziyası, "Can sağlığı" isə "Speys" televiziyası üçün istehsal olunur.

- Bir sual da var: insanlar sizi nə üçün seçməlidirlər, əsas fərqiniz nədir?

- İzləyiciyə "məni seç" demək böyük bir günahdır. Bu, təbii bir sevgiyə bərabər olmalıdır. Sanki televiziya ilə izləyici arasında ilk görünüşdən sevgi yaranmalıdır. Əgər izləyici aparıcının danışıq tembrinə qədər sevdisə, onu qazandız. Bu, bir eşqə bərabərdir. Sanki televiziya aparıcısı ilə izləyicisi arasında bir eşq yaşanmalıdır, təqdimat o cür olmalıdır.

Keyfiyyət də çox önəmlidir. Bir az öncə dediyim kimi izləyiciyə "məni seç" deyə bilmərəm, bu, sərbəstdir. Zövqlər fərqlidir. İzləyici təkcə sözə qulaq asmır, vizuallığa da baxır, aparıcının səs tembrinə, jestlərinə, geyiminə də baxır. Bu mənada sevginin çatdırılmasının fərqli üsulları var. Nə xoş ki, bizim dediyimiz və göstərdiyimiz eyni olacaq...

- Səhiyyə sahəsinə yönəlməyinizdə fərqli bir motivasiyanın rolu olubmu? Bəlkə hansısa xəstəliklə mübarizə aparmısınız, yaxud ölüm və həyat haqqında çox fikirləşirsiniz...

- Televiziya mənim həyat missiyamdır. Sözsüz ki, transformasiyanın baş verəcəyinə əminəm. Mən çox şeyləri görür, müşahidə edir və ya bilirəm, çoxları isə bundan xəbərsizdir. Onu bu gün desəm, fiziki olaraq sabah olmaya bilərəm... Hətta o qədər dəqiq və fərqli görə bilirəm. Bəlkə bu, bir sufi, dualist, fəlsəfi, şizofrenik bir fikirdir. Hər şey ola bilər. Düşünürəm ki, imkan olduğu halda onu əsaslı şəkildə göstərməliyəm ki, insanlar məni dəli kimi qəbul etməsinlər.

- Belə bir söz var, uğurunuməqsədlərini kimsəyə söyləməBu fikirlə nə dərəcədə razısınız?

- Sözünüzdə həqiqət böyükdür, hər şeyin məqamı var. "Desəm öldürərlər, deməsəm ölləm..." Mən də o insanlardanam, sözü deməmək mümkün deyil.

- İlk olaraq ideyanızı kiminlə bölüşürsünüz?

- Müridlərimlə...

Milli.Az