Molla rejimi edamlara başladı

8 Dekabr 2022 12:25

İranda molla rejimi aylardan bəri davam edən genişmiqyaslı etiraz aksiyalarının iştirakçılarını edam etməyə başlayıb.

Bu gün səhər saatlarında Tehran həbsxanasında Möhsün Şəkəri edam olunub.

Tehran İnqilab Məhkəməsinin yaydığı ittiham aktına əsasən, Möhsün Şəkəri qətl törətməkdə, terror əməlinə can atmaqda, insanları azadlıq və təhlükəsizlikdən məhrum etmək niyyəti ilə silah çəkərək döyüşməkdə, habelə bir "Bəsic" zabitini soyuq silahla qəsdən yaralamaqda ittiham edilib.

O, Tehrandakı Səttar Xan küçəsini bağlayan aksiya iştirakçılarının arasında idi.

İttiham aktına görə, M.Şəkəri "Bəsic" zabitini "maçete" tipli soyuq silahla vurub.

Sol çiynindən ağır yaralanmış zabit hospitala aparılıb.

Tehran İnqilab Məhkəməsinin noyabrın 17-də keçirilmiş iclasında M.Şəkəri edam cəzasına məhkum edilmişdi.

M.Şəkərinin vəkili hökmün ədalətsiz və əsassız olduğunu vurğulayaraq Apellyasiya Məhkəməsinə müraciət etmiş, aldığı cavab isə belə olmuşdu: "Məhkum vəkilin Möhsün Şəkəriyə qarşı apellyasiya şikayəti əsaslı deyil, çünki cinayətkarın hərəkətləri iğtişaşçıların izdihamı içərisində olmaq, küçəni bağlamağa çalışmaq, insanları soyuq silahla hədələmək, habelə asayiş və təhlükəsizlik qüvvələrinin mənsublarına hücum, onları yaralamaqdı. "Şəhrul-İslam Ləxafi ən Nas"a uyğun olaraq məhkəmənin qərarı Şəriət və dünyəvi hüquq standartlarına tam uyğundur, bu səbəbdən də İran Cinayət-Prosessual Məcəlləsinin 469-cu maddəsinin "a" bəndinə əsasən dürüst sayılır".

Orxan Hun
Milli.Az