Avropa İttifaq Azərbaycana iki milyard avro ayırıb

8 Dekabr 2022 11:03

Avropa İttifaqı (Aİ) iqtisadi investisiya planı çərçivəsində Azərbaycana iki milyard avro ayırıb.

Bu barədə Trend-ə Avropa İttifaqının Bakı ofisindən məlumat verilib.

Mənbənin sözlərinə görə, investisiyalar Azərbaycan iqtisadiyyatının diversifikasiyasına, yeni iş yerlərinin açılmasına və kəndlərin inklüziv inkişafına kömək edəcək.

"İqtisadi və investisiya planı üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması Aİ ilə Azərbaycan arasında sıx tərəfdaşlığın bariz göstəricisidir. Bu plan artıq Azərbaycan xalqına nəzərəçarpacaq faydalar verməkdədir. Əvvəllər ayrılmış 90 milyon avroluq vəsait çərçivəsində ölkədə iri sərmayə layihələri, xüsusən də Gəncədə küçələrin işıqlandırılmasının yaxşılaşdırılması həyata keçirilir, bütün ölkə üzrə kiçik biznes üçün alternativ maliyyə mənbələri yaradılır. İşçi qrupumuz Azərbaycana iqtisadi investisiya planının həyata keçirilməsindən daha çox fayda əldə etməsinə kömək edə biləcək", - deyə Aİ-nin məlumatında bildirilir.

Qeyd edək ki, iqtisadi və investisiya planı Aİ-nin "Şərq tərəfdaşlığı" siyasətinin əsasını təşkil edir. Bu təşəbbüs həm də bütün dünyada davamlı və etibarlı rəqəmsal, enerji və nəqliyyat əlaqələrinin yaradılması üçün Aİ-nin "Global Gateway" strategiyasını dəstəkləyir.

Milli.Az