Qadın büdrədi, kişi onu tutdu - Evləndilər

8 Dekabr 2022 20:40

ABŞ-da bir qadın təyyarə trapının yanında büdrəyərək yad kişinin əlinə düşüb, tezliklə onunla evlənib və onların iki qız övladı dünyaya gəlib.

Milli.Az bildirir ki, onun sevgi hekayəsini "The Guardian" nəşr edib.

1997-ci ildə o zaman 26 yaşlı Heyli adlı qadın San-Fransiskoda bir texnologiya şirkətində işləyib. Qadın boşanıb və azadlıqdan həzz alıb. Avqust ayında o, dostları ilə həftə sonu üçün Los-Ancelesə uçmağı razılaşdırıb. Təyyarəyə minməzdən əvvəl Heyli dostlarını axtarıb. Bir anda qadın büdrəyib və yıxılmağa başlayıb. Yaxınlıqdakı sərnişin cəld reaksiya göstərərək onu tutub. O zaman xilaskar 27 yaşlı Şon olub, o da dostları ilə həftə sonu konsertə getmək üçün Los-Ancelesə uçub.

Heyli göstərdiyi köməyə görə Şona təşəkkür edib və izdihamın arasında gözdən itib. Şon xatırlayıb: "Mən onu qeydiyyat zamanı gördüm və onun yaraşıqlı olduğunu düşündüm". O, Hollivud hava limanına gəldikdən sonra yenidən Heylinin diqqətini çəkdiyini və onu konsertə dəvət etmək qərarına gəldiyini bildirib. Qadın təklifə görə təşəkkür edib, lakin öz planları olduğundan imtina edib.

Bir neçə gün sonra Heyli və Şon yenidən hava limanında görüşüblər. Məlum olub ki, onların eyni təyyarədə geri dönüş reysi olub. Bu zaman qadın kişidən telefon nömrəsini istəyib.

Heyli Şona zəng edərək görüş təyin edib. Qadın təbəssümlə xatırlayıb: "O, çiçəkli kostyum geyinmişdi və mən başa düşdüm ki, itdim". Şon etiraf edib ki, Heyli dərhal onu valeh edib və görüş ərzində bu hiss daha da güclənib. Gənclər arasında romantika başlayıb, lakin Heyli fasilə vermək və yeni ciddi münasibətə hazır olub-olmadığını düşünmək qərarına gəlib. Bir müddət o Kanadaya gedib və qayıtdıqdan sonra artıq Şonla ayrılmayıb.

Cütlük 1997-ci ildə evlənib, iki il sonra cütlüyün ilk, 11 il sonra isə ikinci qızı dünyaya gəlib. Heyli belə nəticəyə gəlib ki, o və Şon doğru zamanda tanış olub və bir-birini mükəmməl şəkildə tamamlayıb.

İrfan Vəliyev
Milli.Az