Makron Bakı-Brüssel əlaqələrinə qarşı - Parisin Aİ missiyası ətrafında qurduğu oyun

8 Dekabr 2022 09:36

Dekabrın 20-də Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə göndərdiyi mülki missiyanın müddəti bitir. Çünki oktyabrın 6-da Praqada Azərbaycan, Avropa İttifaqı, Ermənistan və Fransa liderlərinin dördtərəfli görüşü zamanı mülki missiyanın Ermənistan ərazisindəki fəaliyyəti 2 ay müddətində nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, missiya Ermənistana 20 oktabrda gəlib. "40 ekspertin Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərilir", - Aİ-nin rəsmi məlumatında belə deyilirdi.

Bəs, Avropa İttifaqının bölgəyə göndərdiyi mülki missiyanın məqsədi və hədəfi nə idi?

Mülki missiyanın müddətinin başa çatmasına sayılı günlər qaldığı bir vaxtda onların bölgədəki fəaliyyətinin uzadılması gündəmə gətirilir. Belə ki, Fransanın xarici işlər naziri Katron Kolonna missiyanın müddətinin artırılmasını vacib saydığını bəyan edib. Kolonna iddia edir ki, Aİ missiyası Azərbaycan-Ermənistan sərhədində eskalasiya riskini azaldıb.

Maraqlıdır, həqiqətənmi, mülki missiya bölgədə gərginliyi azaldıb?

Azərbaycanın Müdafiə Nazirliyinin atəşkəsin pozulması barədə hər gün yaydığı məlumatlar fonunda Fransa XİN başçısının belə bir açıqlaması göstərir ki, onun bölgədən xəbəri yoxdur. Çünki Aİ missiyası sərhəddəki eskalasiya riskini azaltmayıb, atəşkəs hər gün pozulur, Ermənistanın təxribat törətmək riski qalmaqdadır. Aİ missiyası isə İrəvanın təxribatlarını görməzdən gəlir.

Aİ missiyası sabitliyə töhfə vermədiyi halda, onun mandatının uzadılmasına nə ehtiyac var? Fransa mandatın uzadılmasında niyə bu qədər maraqlıdır?

Parisin 2 hədəfi var.

Birinci hədəf: Məlumdur ki, Fransa Azərbaycana qarşı çox aqressiv siyasət aparır. Paris senat, Milli Assambleya və nəzarəti altında olan beynəlxalq təşkilatlar vasitəsi ilə Azərbaycana təzyiq göstərməyə çalışır, anti-Azərbaycan qətnamələri qəbul edir.

Aİ-nin missiyasının Ermənistana göndərilməsini də Fransanın Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirmək olar. Bu səbəbdən, indidən missiyanın ədalətli hesabat hazırlamayacağını ehtimal etmək olar.

Proseslər göstərir ki, belə bir ehtimalın olduğu şəraitdə Azərbaycan tərəfi missiyanın vaxtının uzadılmasında maraqlı olmayacaq. Həmçinin, Fransanın təsir dairəsində olan Aİ missiyası ilə ATƏT-in keçmiş Minsk Qrupunun münaqişə dövründəki fəaliyyəti arasında bənzərliklər var. Yəni işlək mexanizm deyil, sülh prosesinə heç bir töhfə vermir və uzunmüddətli prespektivdə də hər hansı töhfə verəcəyinə dair ümid yoxdur.

Bu səbəbdən, mandatın müddəti uzadılsa belə, Azərbaycanın Aİ missiyası ilə işləməyəcəyini də ehtimal etmək olar. Təbii ki, Bakı razılıq vermədiyi halda missiyanın bölgədə qalması, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Belə bir gərginlik isə nə Avropa İttifaqına, nə də Azərbaycana lazım deyil. Prezident İlham Əliyev çıxışlarında bəyan edib ki, Brüssel Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verdiyi üçün Bakı bu formatı dəstəkləyir. Həmçinin, Bakı ilə enerji və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlı olan Avropa İttifaqı üçün Azərbaycanla gərginlik arzuolunan deyil. Amma hazırda Avropa İttifaqına üzv olan Fransanın Brüssellə Bakı arasında münasibətləri gərginləşdirmək cəhdi müşahidə olunur. Bu siyasət həm Azərbaycan-Ermənistan sülh prosesinə, həm də Bakı-Aİ əlaqələrinə zərbə vura bilər.

Göründüyü kimi, Avropa İttifaqı daxilində Cənubi Qafqaz, xüsusilə, Azərbaycanla bağlı siyasətdə ciddi fikir ayrılıqları var. Əgər belə olmasaydı, Fransanın pozuculuq siyasətinin, həmçinin, Brüssel formatına zərbə vurmaq cəhdlərinin qarşısı alınardı. Çünki əgər Azərbaycan-Aİ münasibətləri pozularsa, Fransa hədəfinə çatmış olacaq. Gərək enerji böhranı yaşayan qitənin aparıcı təşkilatı olan Avropa İttifaqı bol qaz ehtiyatı olan Azərbaycanla münasibətlərin pozulmasına, Bakının maraqlarına zidd qərarların qəbul olunmasına imkan verməsin və Fransaya yerini göstərsin.

İkinci hədəf: Fransanın hədəfi həm siyasi, həm də hərbi baxımdan bölgəyə, konkret desək, Ermənistana yerləşməkdir. Bu səbəbdən, Paris Bakı və İrəvan arasında yaşanan sərhəd gərginliklərini fürsət kimi dəyərləndirir. Məsələn, Fransa prezidenti Emmanuel Makron Praqa görüşünü fürsət kimi istifadə edərək Aİ missiyasının Ermənistana göndərilməsinə dəstək verdi. İndi isə Fransa bölgəyə yerləşən missiyanın mandatını uzatmaqla Ermənistanda mövqelərini gücləndirməyi hədəfləyir. Paris bu hədəfinə çatsa, növbəti mərhələdə missiyanın bölgədə daimi yerləşməsi üçün sistemli iş aparacaq.

Hadisələrin gedişi göstərir ki, Fransanın Aİ missiyası ilə bağlı hədəfləri bununla da bitmir.

Fransa hakimiyyəti baş nazir Nikol Paşinyanın ölkədə anti-Rusiya təbliğatı aparmasından istifadə edərək Moskvanın Ermənistandan çıxarılmasına da nail ola bilər. Çünki bu məsələdə Nikol Paşinyan da maraqlıdır. Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya hərbi və siyasi təsisatlarının Ermənistandan çıxarılması barədə məsələlər geniş müzakirə olunur.

Növbəti mərhələdə Rusiyanın Ermənistandakı hərbi və siyasi təsisatlarını Aİ-nin, dolayısı ilə Fransanın müvafiq qurumlarının əvəzlədiyini müşahidə edə bilərik.

Göründüyü kimi, Aİ-nin Ermənistandakı missiyası İrəvan-Bakı barışığına deyil, Moskvanın İrəvandan çıxarılması prosesinə xidmət edir. Təbii ki, Fransa hakimiyyəti bu planları tək deyil, rəsmi İrəvanla birlikdə cızır. Hazırda müstəqillik əldə etdiyi gündən Rusiyanın nəzarətində olan Ermənistanın əl dəyişdirməsi, Fransanın müstəmləkəsinə çevrilməsi prosesinə şahidlik edirik.

Maraqlı məqam budur ki, Rusiya bu proseslərə heç bir müdaxilə etmir. Əslində, Moskvanın İrəvana təsir imkanları çoxdur. Məsələn, Ermənistanın hərbi arsenalı, sərhədləri, enerji sistemi, nəqliyyat şəbəkəsi, dəmir yolu xətləri, qaz təchizatı Rusiyanın nəzarətindədir. Amma nədənsə Moskva İrəvanın mərkəzdənqaçma meyillərinə heç bir əks reaksiya vermir, əlindəki hərbi və iqtisadi təzyiq imkanlarından istifadə etmir. Əgər Moskva bu səssizliyini uzun müddət davam etdirsə, İrəvanın Qərbin nəzarətinə keçməsi prosesi sürətlənəcək.

Ümumilikdə, hadisələrin gedişi Fransanın Cənubi Qafqazda ikili oyun apardığını göstərir. Bu səbəbdən, Parisin təsiri altında olan Aİ missiyasının bölgədə qalması nə Azərbaycan, nə Avropa İttifaqı, nə də Rusiya üçün məqsədəuyğundur.

Milli.Az