2023-cü ildə neft neçəyə olacaq - proqnozlar bədbinləşir...

8 Dekabr 2022 08:24

Artıq 2022-ci ilin sonuncu ayındayıq və növbəti ildə Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin hansı həddə olacağı çoxlarını maraqlandırır. Həddən artıq sürətli dəyişikliklərin yaşandığı neft bazarına dair beynəlxalq analitik mərkəzlərin proqnozları diqqətlə izlənilməkdədir. Bir tərəfdən qlobal iqtisadiyyatda gedən proseslər, digər tərəfdən Rusiyanın Ukraynadakı işğalçı müharibəsi proqnozların dəfələrlə korrektə olunmasına səbəb olur...

Qeyd edək ki, dekabrın ilk günlərindən volatilliyin artdığı dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşmaqdadır. Son 1 ilə yaxın dövrdə ilk dəfə Brent neftinin qiyməti 80 dollardan aşağı düşüb. Dekabrın 7-də birjalarda Brent 78 dollar, WTI nefti isə 73 dollara ticarət olunmağa başlayıb. Rusiya neftinə qarşı qiymət tavanının tətbiq, Avropa İttifaqının onun alışından demək olar ki, tamamilə imtina etməsi, Moskvanın ixracı kəskin azaltmaq hədələri fonunda qiymətlərin yüksəlmək əvəzinə sürətlə enməsi dünya iqtisadiyyatında gedən proseslərlə əlaqələndirilir. Belə ki, noyabrda ABŞ-da inflyasiyanın artım tempinin yavaşımasına rəğmən Federal Ehtiyatlar Sisteminin(FED) işgüzar aktivliyin yüksəlməsindən istifadə edərək uçot dərəcəsini artırmaq siyasətini davam etdirəcəyi ehtimalını gücləndirilib. Bu isə ABŞ-da iqtisadi artımın zəifləməsi, resessiyanın qeydə alınması gözləntilərinin artmasını şərtləndirir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dünyanın ən böyük istehsalçısı və istehlakçısı olan Çində hökumət kütləvi etirazlar fonunda bəzi anticovıd məhdudiyyətlərini yumşaltsa da, "sıfır yoluxma" siyasətinin davam etdiriləcəyini açıqlayıb. Bu isə ölkədə iqtisadi göstəricilərin pisləşməsinin davam edəcəyi deməkdir. Noyabra dair açıqlanan məlumatlardan aydın olur ki, Çinin ixrac və idxalında ciddi azalma var. Çin Baş Gömrük İdarəsinin məlumatına əsasən noyabrda ölkənin ixracı illik ifadədə 8,7 faiz azalaraq 296,1 milyard dollar təşkil edib. Halbuki "The Wall Street Journal" analitikləri cəmi 2 faizlik azalma proqnozlaşdırmışdılar. Çin ixracının ikinci aydır davam edən azalmasını ekspertlər qlobal iqtisadi artımın zəifləməsi nəticəsində dünyada tələbin azalması ilə izah edirlər.

Noyabrda Çinin idxalında azalma daha çox olub: illik ifadədə 10,6 faiz. Çin ötən ay 226,2 milyard dollarlıq mal və məhsul idxal edib. İqtisadçılar Çin idxalında 4 faizlik azalma proqnozlaşdırmışdılar.

Digər məhsullarla yanaşı, noyabrda Çinin neft-qaz idxalı da azalıb. Belə ki, yanvar-noyabrda Çin xaricdən keçən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz az - 99 milyon ton qaz, 1,4 faiz az - 460 milyon ton neft alıb. Daş kömür idxalı isə 10,1 faiz azalmaqla 262,4 milyon ton təşkil edib.

Göründüyü kimi, pandemiya məhdudiyyətləri Çin iqtisadiyyatına böyük zərbə vurmağa davam edir. Zərbənin təsiri isə bütün dünya iqtisadiyyatında hiss olunur.

EIA 2021-ci il üçün neft qiymətləri proqnozunu artırıb

Dünyanın daha bir iqtisadi mərkəzində - Avropa Birliyi və Böyük Britaniyada da iqtisadiyyatdakı ciddi problemlər davam edir. Doğrudur, Avropa İttifaqında ilin üçüncü rübündə iqtisadi artım qeydə alınıb, lakin ekspertlər 2023-cü ilin ilk rübündən etibarən artımın azalma ilə əvəz olunacağı qənaətindədirlər. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən Qərbi Avropa ölkələrinin maliyyə və bank sektorunda 2023-cü ildə azalma qeydə alınacaq: "İqtisadi artımın yavaşlaması, yüksək inflyasiya və artan faiz dərəcələri səbəbindən 2023-cü ildə borcalanlara təzyiqin artacağını gözləyirik. Bununla belə, Qərbi Avropa banklarının reytinqlərinin 90 faizi stabil proqnozdadır, reytinq yüksəkliyi 2022-ci ildə artan gəlirlər və son illərdə yığılmış kapital ehtiyatları ilə gücləndirilib".

Fitch 2023-cü ildə avrozonada (Almaniya və İtaliya tərəfindən idarə olunur) və Böyük Britaniyada tənəzzül və digər Qərbi Avropa ölkələrində zəif ÜDM artımı gözləyir: "Almaniya, İtaliya və Böyük Britaniyanın bank sektorunun proqnozları əsasən tənəzzül təzyiqləri perspektivi səbəbindən pisləşir. Bunun əksinə olaraq, digər Qərbi Avropa ölkələrində bank sektorunun proqnozları neytraldır və bu, aktivlərin keyfiyyətinin aşağı düşməsi, aşağı risklərin azaldılması və yüksək faiz dərəcələrinin gəlirlərə müsbət təsiri ilə bağlı gözləntilərimizi balanslaşdırır".

Artıq əksər analitik mərkəzlər baş verənləri nəzərə almaqla  2023-cü ildə neft hasilatı, dünya bazarında tələb və təklif, həmçinin neftin qiymətinə dair proqnozlarında ciddi dəyişikliklər edirlər. JPMorgan analitiklərinin proqnozuna əsasən 2023-cü ildə neftin orta qiyməti 92 dollar ətrafında olacaq.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2023-cü ilda dünyada maye karbohidrogenlərə olacaq  gündəlik qlobal tələbata dair proqnozuna azalma istiqamətində dəyişiklik edib. Quruma görə, gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,82 milyon barel səviyyəsində olacaq. Bu, əvvəlki proqnozla müqayisədə 0,16 milyon barel azdır.

Agentliyin aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik orta tələbat 99,82 milyon barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,43 milyon barel olub

EIA neft qiymətlərinə dair proqnozlarına da dəyişiklik edib. Agentlik hesab edir ki, 2022-ci ilin yekununda "Brent" markalı neftin orta qiyməti 102,13 dollar deyil, 101,48 dollar təşkil edəcək. 2023-cü ildə isə neftin orta qiyməti 92,36 dollar təşkil edə bilər, bu da noyabrda verilən proqnoz göstəricidən 2,97 dollar aşağıdır.

Neft bahalaşdı

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 95,22 dollar (öncəki proqnoz - 95,88 dollar), 2023-cü ildə isə 86,36 dollar (öncəki proqnoz - 89,33 dollar) səviyyəsində olacağı ehtimal olunur. Ötən il "Brent" markalı etalon neftin orta qiyməti 70,89 dollar, WTI neftimim qiyməti isə 68,21 dollar təşkil edib(APA).

EIA analitiklərinə görə,  OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri 2022-2023-cü illərdə gündəlik xam neft hasilatını artıracaqlar. Nəticədə gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı əvvəlki proqnozdan 0,15 milyon barel çox - 29 milyon barel olacaq.

EİA ABŞ-da neft hasilatı proqnozunu artırıb. Qurum 2022-ci ildə gündəlik orta hasilatın 11,87 milyon barel(əvvəlki proqnoz 11,83 milyon barel) təşkil edəcəyi qənaətindədir. 2023-cü ildəki hasilat proqnozu isə 30 min barel artırılmaqla 12,34 milyon barelə çatdırılıb.

Agentlik hesab edir ki, gələn ilin əvvəlində qlobal neft ehtiyatları 0,2 milyon barel azalsa da, ikinci yarımildə 0,7 milyon barellik artım qeydə alınacaq. Bu isə Brent markalı neftin orta qiymətinin 2023-cü ildə 92,36 dollara(əvvəlki proqnoz 95,33 barel idi - red.) bərabar olmasını şərtləndirəcək.

EIA Azərbaycanda 2022-2023-cü illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu dəyişməyib. Agentlik ekspertləri 2023-cü ildə Azərbaycanda gündəlik 640 min barel neft və digər maye karbohidrogenlər istehsal olunacağı qənaətindədir. Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-alim Vüqar Bayramovun fikrincə, neft bazarındakı hazırkı ucuzlaşma bir sıra səbəblərlə bağlıdır: "Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib, qiymətlər 80 dollardan aşağı düşüb. Bu arada Səudiyyə Ərəbistanı da neft

qiymətlərinə endirim tətbiq edib. Saudi Aramco yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, The Saudi isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına preventiv reaksiyasından xəbər verir.

Çin karantin qaydalarını yumşaltsa da "Sıfır Kovid" siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil".

Millət vəkili bildirir ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir: "Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir. Neftin payının ümumi həcmdə azaldılması üçün KOB-ların ixrac imkanları, xüsusən də yeni bazarlara çıxışı genişlənməlidir".

Milli.Az