Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Şəkidə olub

6 Dekabr 2022 13:02

Dövlət Gənc  Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərinə səfər edib. Səfər Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində baş tutub. Layihəyə əsasən teatrın aktyorları görkəmli İsveç dramaturqu Astrid Lindqrenin "Uzuncorab Pippi" tamaşasını təqdim ediblər.

Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Astrid Lindqren yaradıcılığı haqqında məlumat verərək, yazarın hər bir azyaşlı tamaşaçının dünyagörüşünün formalaşmasına göstərdiyi müsbət təsiri diqqətə çatdırıb.

Eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), oranjemançı Rüfət Ramazanov, məsləhətçi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova,  Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər.

Tamaşanı İsveçin Azərbaycandakı səfirliyinin nümayəndələri, Şəki şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Şəki şəhər ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti izləyiblər.