Xankəndi hərbi bazaya çevrilir: Rusiya nə etməyə çalışır? - Bakı hazırlığa başladı

3 Dekabr 2022 14:36

Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində ləngimə davam edir. Digər tərəfdən bir yanda Rusiya sülhməramlılarının Qarabağdakı davranışları, bir yandan da İran mola-fars rejiminin bölgəyə barmaq etmək cəhdləri vəziyyəti daha da gərginləşdirir.

Sülhməramlı kontingentin rəsmi məlumatlarında Azərbaycan yaşayış məntəqələrinin adlarının erməni toponimləri ilə qeyd edilməsi, Qarabağ iqtisadi rayonunun "Dağlıq Qarabağ" adlandırılması İrəvan ilə Bakı arasındakı danışıqlar prosesini manipulyasiya etmək məqsədi ilə Ermənistana açılan bir xəttdir. 

Xüsusilə bu son günlərdə sülhməramlıların müvəqqəti nəzarət zonasından bölmələrimizin daha intensiv atəşə məruz qalması bir daha bu tapşırığın məhz Moskvadan gəldiyini düşünmək üçün əsaslı şübhələr yaradır. Buradan da bir daha belə bir nəticə çıxır ki, bu gün hansısa ölkə Cənubi Qafqazla bağlı öz maraqlarını həyata keçirmək istəyirsə, bunu Azərbaycan üzərindən gerçəkləşdirmək niyyətindədir.

Təəssüflər olsun ki, rəsmi Moskva 30 illik işğal dövründə Qarabağ kartından istifadə edərək regionda hegomonluğu əlində saxladığı kimi, bu gün Ukrayna ilə 10 aydır davam edən müharibə fonunda bölgədə zəifləyən mövqeyini özünə qaytarmaq, yenidən əlini gücləndirəcək rıçaqlara sahib olmaq üçün də Qarabağda məkirli ssenarini artıq yenidən işə salıb. 

Azərbaycanın ərazi bütövlüyünü təhdid altına atmaqla, suverenliyini təhlükə qarşısında qoymaqla öz məqsədinə çatmağı hədəf alan Rusiya və Ermənistanın digər havadarları daha anlamırlar ki, Azərbaycan bu gün istənilən təzyiqi və planı pozmaq üçün istər hərbi, istərsə də siyasi dəstəyə sahibdir. Buna Şuşa Bəyannaməsi ən bariz nümunədir. 

Bakıya artıq aydın olur ki, sülhməramlılarla bişim-bişimlə danışmaqla deyil, kontingent Moskvadan aldığı təlimatlar əsasında öz bildiyini etməyə davam edir, təxribatlar üçün çox böyük zəmin hazırlayır. Elə bu səbəbdən də Azərbaycan Müdafiə Nazirliyi sülhməramlı kontingentin son təxribatlarına ard-arda sərt reaksiyalar verməyə başladı. 

Belə görünür ki, Ruisya tərəfi Azərbaycan üçün artıq bıçaq sümüyə dirənib, səbri daşmaq üzrədir. Çox güman ki, Moskvada bunu həm İlham Əliyevin son çıxşlarından anlayıblar, həm də MN-dən verilən bəyanatlardan. Çünki bu zamana kimi Azərbaycan heç vaxt Rusiya tərəfinə belə açıq və sərt mövqe nümayiş etdirməmişdi.

Makronun dekabrın 7-də Avropa İttifaqının vasitəçiliyi üçtərəfli görüşdə iştirak tələbini irəli sürməklə Brüssel formatını deaktivləşdirmək yolunda hiyləgər gediş edən Nikol Paşinyanın ardınca biz anoloji addımı faktiki olaraq bu gün Rusiyadan izləyirik. Rusiya da 10 noyabr üçtərəfli bəyanatı ilə bölgədə sülhü təmin etmək adına Qarabağa göndərdiyi silahlı birləşmələri vasitəsinin əli ilə təyinatına zidd davranışları ilə Bakıda özünə qarşı etimadı sıfra endirməkdə davam edir.

Bu da təbii ki, davamlı sülh üçün küncə sıxışdırılan Ermənistanı Bakının əlindən almaq, bölgədə vəziyyəti gərginləşdirməklə, erməni baş nazirə "belə bir vəziyyətdə mən heç cürə sülhə gedə bilmərəm" ritorikası üçün səbəb hazlırlayır. Sülhməramlıların bu addımı eyni zamanda sülh danışıqları üçün üç formatdan biri olan Rusiya variantını da Azərbaycanı gündəliyindən çıxartmaq məcburiyyətində qoyaraq İrəvan ilə Bakı arasında münasibətlrin normallaşdırılması istiqamətində ümidi biraz da daraltmaq niyyətindədir. 

Rusiya XİN rəhbəri S. Lavrovun Qarabağla bağlı son açıqlamaları Qarabağın "statusu" məsəsləsi ilə bağlı Moskvanın mövqeyində müəyyən korrektlər etməyə başladığı ilə bağlı ehtimallarını daha da artırır. 



Rusiyanın baş diplomatı çıxışı zamanı mesaj verir ki, "Qarabağın statusu"nun olmamasına görə günahkar Ermənistan hakimiyyətidir. O, bu fikri Lavrovun  "Ermənistan rəhbərliyi son vaxtlar Qarabağın statusundan yox, Qarabağdakı erməni əhalinin hüquqlarının təmin edilməsindən bəhs edir" ifadəsi ilə daha da inkişaf etdirir. Bakının Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazır olduğunu bildiyi bir vaxtda belə bir açıqlama erməni cəmiyyətinə hesablanmış bir mesajdan başqa bir şey deyil. Rusiya Qərbin Bakıya etdiyi sülh təklifinə alternativ heçnə ortaya qoya bilmir. 

Rusiyanın bu böyük diplomatik boşluğundan, uğursuz xəttindən isə Amerika yararlanıb, qabağa düşmək niyyətindədir. Belə bir vəziyyətdə rəsmi Vaşinqton, xüsusilə də Pentaqon Bakı ilə əməkdaşlıqda çox maraqlı görünməyə başladı. 

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşməsi, tərəflərin "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmələri deməyə əsas yaradır ki, ABŞ region ilə bağlı siyasətini ciddi şəkildə dəyişmək barədə düşünür.

Son dövrlər Azərbaycana qarşı açıq çağırışlar edən İran rejiminin "fəaliyyəti" Bakı-Vaşinqton xəttində diplomatlar müstəvisində müzakirə olunduğu kimi indi də hərbi müstəvidə müzakirə olunur. ABŞ bu addımla Rusiyanın və İranın Bakının maraqlarına zidd davranışları nəticəsində yaranan boşluğu öz xeyirlərinə doldurmaq istəyir. 

Nəzərə alınsa ki, sülhməramlılar Qarabağa 14 İran diversantının keçidini təmin edib, demək ki, Rusiya İranla birgə Ermənistan üşün növbəti dəfə Qarabağda münaqişə ocağını alovlandırmaq üçün barıt rolunu oynayırlar. Bu da sülh sazişinin imzalanması prosesi uzandıqca Qarabağ üzərindən oyun quranların sayının günü-gündən artdığını göstərir. 

Amma Azərbaycanın ərazilərində yad ünsürlərin belə sərbəst, özbaşına davranışlarına çox göz yumacağı gözlənilən deyil. Bunu dövlət başçısının son çıxışları, eyni zamanda XİN rəhbəri Ceyhun Bayramovun ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edərkən "Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir" ifadələri qarşı tərəf(lər)ə edilən növbəti xəbərdarlıqdır. 

Azərbaycanın tam haqqı və hüququ çatır ki, onun ərazi bütövlüyünə, sabitliyinə təhlükə olan qüvvələri Qarabağdan təcili çəxartsın, öz təhlükəsizlik konsepsiyasına uyğun olaraq vəziyyəti tamamilə ələ alsın. Bütün bu sadalanan proseslərə göz gəzdirəndə o qənaətə gəlmək olar ki, Bakı artıq Laçın dəhlizində postlar qurub qanunsuz gediş-gəliş, silah daşımaları kimi xoşagəlməz faktların qarşısını almaq üçün praktiki addımların hazırlığını sürətləndirib.

Təhməz Əsədov
Milli.Az