Daha bir müxalifət partiyası birgə aksiyalarda iştirak edə bilər

13 May 2010 11:58
Aydınlar Partiyası parlament seçkisinə təkbaşına qatılmaqla bağlı qərarını hələ ki, dəyişməyib. Bu barədə Milli.Az xəbər portalına açıqlamasında partiyanın sədri Qulamhüseyn Əlibəyli bildirib.

Əvvəlki seçkilərdən fərqli olaraq, bu il əksər müxalifət partiyalarının seçkiyə təkbaşına qatılmağa üstünlük verməsinin səbəbləri ilə bağlı sualın cavabında Əlibəyli bildirib ki, digər partiyaların hansı faktorlar əsasında belə qərar qəbul etdiklərini dəqiq bilmir. "Amma Aydınlar Partiyası yeni yaranan partiyadır, parlament seçkilərində ilk dəfədir iştirak edir.  Buna görə də yerlərdə, regionlarda öz imkanlarını dəyərələndirmək, seçiçicilərinin təxmini sayını müəyyənləşdirmək istəyir. Yalnız bundan sonra digər partiyalarla hansı formada əməkdaşlıq edə biləcəyimizi müzakirə edə bilərik. Yəqin digər partiyaların da bu məsələdə öz səbəbləri və siyasi maraqları var"- deyə o, əlavə edib.

Partiya sədri onu da bildirib ki, bununla belə, onlar digər sağ-mərkəzçi müxalifət qüvvələri ilə əməkdaşlıq və bloklaşma ehtimalını istisna eləmirlər. "Sadəcə indiki vəziyyətdə üstün mövqeyimiz seçkidə təkbaşına iştirak etməkdən ibarətdir. Artıq bu istiqamətdə müvafiq hazırlıqlara da start verilib"- o, deyib.

Əlibəyli seçkiyə təkbaşına qatılmaq qərarı verməklərinə baxmayaraq, müxalifətin birgə kütləvi aksiyalarında iştirak edə biləcəklərini deyib. "Aydınlar Partiyası istənilən məsələnin müzakirəsində iştirak edə bilər. Doğrudur, bizim partiya yalnız seçki prosesi başlayandan sonra kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab edir. Amma bu, o demək deyil ki, biz birgə aksiyalarda iştirakdan imtina edirik. Əgər partiyamızın maraqlarına cavab verən hansısa birgə aksiyalar təşkil olunarsa, məsələn, demokratik seçki və Qarabağla bağlı aksiyalar olarsa, biz də iştirak edə bilərik" - o, qeyd edib.

Yaşar
Milli.Az