II “4.4” Qısa Tamaşalar Festivalına yekun vurulub

2 Dekabr 2022 14:50

Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən II "4.4" Qısa Tamaşalar Festivalına yekun vurulub.

Milli.Az xəbər verir ki, "Şuşa İli"nə həsr olunmuş festival həmişəki kimi, bu dəfə də maraqlı səhnə əsərlərinin nümayişi, panel müzakirələr, ustad dərsləri ilə yadda qalıb.

Mədəniyyət naziri Anar Kərimov belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ötən ildən keçirilən festivala böyük maraq var: "Festivalın məqsəd və məramı şanlı Zəfərimiz, 44 günlük haqq savaşımızı ehtiva etməklə, onun sənət vasitəsilə əbədiləşdirilməsinə nail olmaqdır. Teatrlarımız bu işə öz töhfəsini verdi və biz Qələbəmizdən ilhamlanaraq ona "4.4" adını verdik. Pandemiyanın bir çox sahələr kimi mədəniyyətə, teatra mənfi təsirlərini aradan qaldırmağa hesablanan bu layihəmiz ötən il də yüksək səviyyədə reallaşdı və pandemiyanın yaratdığı məcburi fasilədən sonra teatr prosesinin canlanmasına vəsilə oldu. Festival regionlarda fəaliyyət göstərən teatrlarımızı da stimullaşdırmağa, onlara paytaxtda, irimiqyaslı festivalda öz imkanlarını nümayiş etdirməyə şərait yaratdı. İlk festivalın uğuru onun ənənə halı almasına rəvac verdi. Festivalın əsas özəlliyi həm də onun artıq beynəlxalq müstəvini əhatə etməsidir. Festivala xaricdə yaşayan azərbaycanlı teatr mütəxəssislərinin də cəlb olunması xüsusilə əhəmiyyətlidir".

Festival pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs vermək məqsədilə keçirilib.

Bu dəfə festivala göndərilən 20 tamaşadan nümayiş üçün 12-si seçilib. Onlardan 6-sı Bakı, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrları, 2-si isə müstəqil teatrlara aiddir. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb. Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı "Kreyser sonatası" tamaşasına da baxıblar.

Beş gün davam edən festivala qalib tamaşaların mükafatlandırılması ilə yekun vurulub.

Milli.Az