Parlament sahibkarlıqla bağlı yeni qanun layihəsini qəbul edib

2 Dekabr 2022 13:21

Azərbaycanda sahibkarlıqla bağlı yeni hazırlanmış qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.

Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda təsdiq edilib.

Milli.Az