Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavid anılıb

1 Dekabr 2022 17:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında 20 ildən artıq  izlənilən "Şeyx Sənan" tamaşası nümayiş etdirilib.

Tamaşadan öncə baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış filosof şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb.  Səma şairinin yaradıcılığında tolerantlıq, multikultural dəyərləriön plana çəkən M.ƏləkbərzadəCavid üçün insanın əsas missiyasının sevgi olduğunu deyib: "Cavid üçün nə Quran, nə Bibliya, nə ələm, nə xaç önəmli idi. Önəmli olan o idi ki, insan yer üzündə öz məqsədi və missiyasını bilsin. Missiya Yaradanın sevgisini yer üzünə səpələyərək enerji halında geri qaytarmaqdır. Bu isə Cavidin dili ilə desək: "Mənim Tanrım gözəllikdir, sevgidir".

M.Ələkbərzadə Cavidin nəşinin Azərbaycana gətirilməsi haqqında bunları deyib: "Hüseyn Cavid ikinci ömrünü 1982-ci ildən yaşamağa başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addım idi. Beləliklə, uzaq İrkutskda 59 nömrəli qəbirdə torpağa tapşırılan 59 yaşlı Cavid Rəsizadə Azərbaycana qovuşur".

Daha sonra "Şeyx Sənan" tamaşası  nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Milli.Az