KOB haqqında yeni qanun layihəsi bu sektorun inkişafını yeni keyfiyyət səviyyəsinə yüksəldəcək - Orxan Məmmədov - FOTO

1 Dekabr 2022 15:04

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Kiçik və Orta Bizneslərin Beynəlxalq Şəbəkəsinin - İNSME- 18-ci İllik Toplantısı Mərasimində deyib.

"Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə (İNSME) ilə birlikdə təşkilatın 18-ci İllik Toplantısının Azərbaycanda keçirilməsindən məmnun olduğumu bildirirəm. Tarixə qısaca nəzər salaraq qeyd etmək istərdim ki, KOBİA 2020-ci ildə İNSME təşkilatına üzv olmuş və həmin il Romada təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda KOBİA ilə INSME arasında Anlaşma Memorandumu imzalanmışdır.

Ötən qısa müddət ərzində KOBİA təşkilatın fəal üzvlərindən birinə çevrilmiş və nəticə etibarilə, 2021-ci ildə Bolqarıstanda təşkil olunmuş 17-ci iclasda ölkəmizin növbəti tədbirə ev sahibliyi etməsi barədə təklif irəli sürülmüşdür.

Ümumilikdə, KOB sektoru çox maraqlı və özünəməxsus mahiyyət və xüsusiyyətlərə malikdir. Resurs, ehtiyatlar və potensial baxımından iri şirkətlər ilə müqayisədə çox zaman geri qalmasına rəğmən, çeviklik və dinamiklik KOB sektorunu xarakterizə edən əsas üstün cəhətlərdir. Məhz KOB-lar böhranlar zamanı ilk zərbə almasına baxmayaraq yeni şəraitə tez adaptasiya olur, çağırışlara cəld reaksiya verir və yeni ideyalar yaratmaqla bütövlükdə iqtisadiyyatları öz çiyinlərində irəli aparmaqda davam edirlər.

Lakin bunun üçün onlara hədəfli diqqət və dəstək göstərilməsi tələb olunur. KOB-ların inkişafının dəstəklənməsi təkcə hökumətlər ilə məhdudlaşmır. Bütün maraqlı tərəflər, geniş ictimaiyyət, akademik dairələr və beynəlxalq platformalar öz cəhdlərini bu istiqamətdə birləşdirməlidir.

Artıq 5 ilə yaxın müddətdir ki fəaliyyət göstərən KOBİA, mandatı çərçivəsində yerli və xarici bizneslərin ölkəmizdə fəaliyyətə başlaması və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə məlumatlandırma, maarifləndirmə, məsləhət və dəstək xidmətləri təmin edir. Bu baxımdan, pulsuz təlim və konsaltinq xidmətlərini əhatə edən KOB İnkişaf Mərkəzləri, vahid məkanda "G2B" və "B2B" xidmətləri göstərən KOB Evləri və yerlərdə birbaşa sahibkarlar ilə təmasda olan KOB Dostu şəbəkələri kimi platformalarımızı qeyd etmək olar.

Eyni zamanda, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir.

Agentliyimiz ölkəmizdə və ölkənin xaricində təşkil olunan sərgilərdə yerli KOB-larımız üçün dəstək proqramı çərçivəsində pulsuz iştirak imkanlarını da təqdim edir. Bu isə öz növbəsində mikro, kiçik və orta bizneslərə öz məhsullarının geniş auditoriyaya tanıdılmasında böyük dəstək olur.

Bununla yanaşı, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzimiz prioritet istiqamətlər üzrə dövlət-özəl əməkdaşlığı formatında olan layihələrin müəyyən edilməsi və icrası istiqamətində işlər aparmaqdadır.

Yeni dövrün çağırışlarına uyğun olaraq KOB mühitinin inkişafı barədə danışarkən, mən "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsini xüsusilə qeyd etmək istərdim. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənəd KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcəkdir. Qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçmişdir.

Sevindirici haldır kı, biznes mühitinin dəstəklənməsi istiqamətində təşəbbüslərimiz ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər tərəfindən müsbət qarşılanır. Təsadüfi deyildir ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış "Azərbaycanda biznes mühiti - 2021" hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara münasibətinin və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb.
Onu da qeyd etmək istərdim ki, biz tərəfdaş ölkələrin müvafiq qurumları və təşkilatları ilə də uğurla əməkdaşlıq edirik. Burada əsas iki hədəfimiz var: institusional əməkdaşlığın genişləndirilməsi və yerli sahibkarlıq subyektlərimiz ilə xarici potensial tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasına dəstək verməkdir.

Aidiyyəti qurumlarla imzalanmış memorandumlarımızda qarşılıqlı maraq kəsb edən təşəbbüslərin həyata keçirilməsi, biznes missiyaların təşkili və qabaqcıl təcrübələrin mübadiləsi kimi məsələlər yer almışdır.

Eyni zamanda, bir neçə sahəvi beynəlxalq təşkilatlara üzvlüyümüz bizə geniş tərəfdaşlar şəbəkəsinə çıxışı asanlaşdırır. Bu da öz növbəsində iş adamlarımız üçün geniş imkanlar yaratmaqdadır. İNSME belə təşkilatlar sırasında öndə gedir və qarşıdakı dövrdə sözügedən platforma çərçivəsində əməkdaşlıq əlaqələrimizin genişləndirilməsini hədəfləyirik. İNSME platformasının çox-funksional xarakteri, üzv şəbəkəsinin genişliyi və təqdim olunan xidmətlər çeşidi hər bir qurum və təşkilatın faydalanması üçün imkanlar yaradır.

Şübhəsiz ki, platformanın təqdim etdiyi ən əhəmiyyətli imkanlardan biri şəbəkələşmə, təcrübə mübadiləsinin aparılması və həmkarların yeniliklər barədə bir-birindən öyrənmək fürsətidir. Bu baxımdan, əminəm ki, İNSME-nın hazırkı 18-ci toplantısı da strateji fəaliyyət gündəliyimizin zənginləşdirilməsi və genişləndirilməsi üçün uğurlu göstəricilər ilə yadda qalacaqdır.

Toplantıda iştirak üçün ölkəmizə müxtəlif ölkələrdən nümayəndələr gəliblər. Bu onların bir hissəsi üçün ölkəmiz ilə ilk tanışlığıdır. Ümidvaram ki, Azərbaycanda olduqları müddətdə bütün qonaqlar həm işgüzar əlaqələrini genişləndirə biləcək, özləri üçün faydalı nəticələr əldə edəcək, həm də səmərəli vaxt keçirə biləcəklər", - O.Məmmədov qeyd edib.

Milli.Az