Polşa millisinin qapıçısı: 'Messi ilə mərcə girdim'

1 Dekabr 2022 15:00

Voytsex Şesnı Argentina ilə oyundakı penalti epizodunda Messi ilə mərcə girib
Polşa millisinin qapıçısı Voytsex Şesnı Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunun Argentina ilə matçında Lionel Messi ilə mərcə girib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "çərçivə qoruyucusu" özü "Ole" nəşrinə açıqlamasında bildirib.

O, matçın ilk hissəsində Argentinanın lehinə təyin olunan penalti epizodunda hakimin VAR-la məsləhətləşməsi zamanı Leoya mərc təklif etdiyini deyib: "Messi ilə nə danışırdıq? Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Və mən mərci uduzdum. Bilmirəm buna icazə verilib, yoxsa yox? Bəlkə də cərimə olunacam, amma ona pul vermək fikrində deyiləm. Messinin artıq kifayət qədər pulu var".

Qeyd edək ki, sözügedən matçın 38-ci dəqiqəsində Şesnı ilə Messinin mübarizəsi zamanı baş hakim Denni Makiele VAR-a baxdıqdan sonra Polşanın qapısına penalti təyin edib, Leonun zərbəsini isə polşalı qapıçı qaytarıb.

Milli.Az