Müğənni toyundan iki gün keçməmiş vəfat etdi

1 Dekabr 2022 14:52

Amerikalı kantri müğənnisi Ceyk Flint vəfat edib.

Milli.Az bildirir ki, bu barədə "EOnline" məlumat yayıb.

Flint toyundan bir gün yarım sonra dünyasını dəyişib. 37 yaşlı musiqiçinin yuxuda öldüyü dəqiqləşdirilib. Onun ölüm səbəbi məlum deyil.

Flintin ölümünü həyat yoldaşı Brenda şərh edib. O, Facebook səhifəsində yazıb: "Biz toy şəkillərimizə baxmalı idik, amma bunun əvəzinə ərimi dəfn edəcəyim paltarı seçməliyəm". "İnsanlar belə şiddətli ağrıları anlamaq üçün nəzərdə tutulmayıb. Ürəyim qırıldı, onu geri qaytarmaq istəyirəm. Mən bunu edə bilmərəm. O mənə burada lazımdır", - qadın deyib.

2016-cı ildə Flint "I'm Not Okay" debüt albomunu buraxıb. Daha sonra onun daha üç albomu işıq üzü görüb - "Live and Not OK at Cain's Ballroom" (2018), "Jake Flint" (2020) və "Live and Socially Distanced at Mercury Lounge" (2021). Flint "Cowtown", "Long Road Back Home" və "What's Your Name" hitlərinin müəllifi kimi tanınıb. 2018-ci ildə ifaçı "We Are Tulsa Music Awards"da "İlin artisti" seçilib.

İrfan Vəliyev
Milli.Az