“Azərbaycanda da LGBT təbliğatını qadağan edən qanun qəbul olunmalıdır”

1 Dekabr 2022 08:44

Rusiya Federasiya Şurası LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunlar paketini təsdiqləyib. Qanun layihəsi Federasiya Şurasının noyabrın 30-da  keçirilən plenar iclasında səsverməyə çıxarılıb və təsdiqlənib.

Bəs görəsən, belə bir qanun layihəsi Azərbaycanda da qəbul oluna bilərmi?

Yeri gəlmişkən, Milli Məclisin deputatı Cavanşir Paşazadə mediaya açıqlamasında deyib ki, Rusiya Dövlət Duması LGBT-nin təbliğatını qadağan edən qanun layihəsi qəbul edibsə, müsəlman ölkəsi olaraq biz də belə bir qanun qəbul etməliyik: "Cinsi azlıqlara haqq qazandıran bəzi saytlar da var. Onlar tələb edirlər ki, Qərbdə, xüsusilə Fransada LGBT üzvlərinə şərait yaradılırsa, Azərbaycanda da yaradılmalıdır. Bu, Qərbin təbliğatıdır. LGBT dinimizə, adət-ənənələrimizə uyğun gəlmir, buna görə biz də qanun qəbul etsək, yaxşı olar".

Deputat LGBT üzvlərinin Azərbaycan parlamentində təmsil edilməsi ilə bağlı irəli sürülən təkliflərə də münasibət bildirib:

"Gedib öz işlərini Ermənistanda, ya da Fransada görsünlər. Azərbaycan belə şeylərə gedən deyil. Cənab Prezident demişkən, Fransa ilə Ermənistan bir-birilərinə "bacı" deyirlər. LGBT-nin təbliğatını aparmaq düzgün deyil, qəbuledilməzdir".

Əfsər Sadıqov: "Prezident preventiv tədbir gördü ki, biz buna da hazırıq"

Milli.Az musavat.com-a istinadən bildirir ki, BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqovun dediyinə görə, bir çox ölkələrdə artıq bu proses gedir: "Başıbəlalı 2011-ci il qadınlara qarşı zorakılıqla bağlı İstanbul Konvensiyasının bir neçə müddəası da LGBT-ləri təbliğ edir. Bu faktla bağlı da bəzi ölkələr, hətta Böyük Britaniya, Polşa, Türkiyə isə  bu yaxınlarda o konvensiyadan çıxdı. Bir qisim Avropa ölkəsi ümumiyyətlə radifikasiya etmir. Burada bir neçə maddə əsas götürülür, ailəni bioloji, təbii hüquq konsepsiyasından çıxarıb, sosial anlamda qəbul edir, yəni 3-4-cü maddə ilə bağlı anlayışdır. Daha sonra 14-cü maddə də problem yaradır. Orada üçüncü cins məsələsi ortaya çıxır ki, uşaqların orta məktəbdə təhsili ilə bağlı dövlətlər üçün öhdəlik gətirir. 40-cı maddə də olduqca problemlidir. Eynicinslilərin sevgisini təbliğ etmək məzmunda təfsir olunmaqdadır. Bunlar hamısı İstanbul Konvensiyasının ciddi problemləridir. Ənənəvi ailə anlayışının dağıdılmasını nəzərdə tutur. Buna görə də bir qisim dövlətlər doğru olaraq da bu anlayışlara öz dövlətlərində icazə vermirlər".

Professor əlavə edib ki, dövlətin möhkəmliyi ailənin möhkəmliyindən asılıdır: "Vaxtilə tanınmış filosof Fridrix Engelsin "ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" adlı məşhur əsəri var. Yəni ailə nə qədər möhkəm olarsa, cəmiyyət, dövlət o qədər möhkəm olar. Amma avropalıların gətirdiyi bu qaydalar, bəzi Avropa ölkələrinin gətirdiyi qaydalar deyilənlərin əksinə aparılan təbliğatdır. Universitetdə də, sosial şəbəkələrdə də mən İstanbul Konvensiyasının əleyhinə çıxış etmişəm. O konvensiyanın Azərbaycan qanunvericiliyinə implimitasiyasına qəti yol vermək olmaz. İfadə etdiyim səbəblər üzündən. Bizim qanunvericiliyimizdə ailənin anlayışı var. Düzdür, orada kişi və qadının statusu təsdiq olunur, ümumi formada. Başqa bir anlayışın gətirilməsi ailə dəyərlərinin dağıdılması və nəticədə dövlətin sosial sisteminin pozulmasına gətirib çıxara bilər. Hesab edirəm ki, Rusiyada qəbul olunmuş qanun layihəsi çox vacibdir. Qardaş ölkəmiz Türkiyə də bu konvensiyadan çıxdı. Baxmayaraq ki, orada da Avropanı dəstəkləyən müxalifət əleyhinə çıxdılar ki, guya hakimiyyətə gəldikdən sonra bir daha İstanbul Konvensiyasına qayıdacaqlar. Onlar əsasən qadına qarşı zorakılığı əllərində əsas tuturlar, amma bu konvensiyanı ortaya atıb manipulyasiya etmək yanlışdır. Bizdə də LGBT-lərlə bağlı məsələ bir qədər dövlətin nəzarətində olmalıdır. Mən, əlbəttə, o şəxslərin hüquqlarını məhdudlaşdırmaq tərəfdarı deyiləm, amma onların hüququnun bunun bizim hüquq sistemimizin əsasına çevirmək yolverilməzdir".

Qeyd edək ki, LGBT vətəndaşları ilə bağlı qanunlara daxildir: dövlət tərəfindən eynicinsli münasibətlərin tanınması, açıq şəkildə silahlı qüvvələrdə xidmət etmək hüququ, eynicinsli ailələr tərəfindən uşaqların övladlığa götürülməsi və ya adaptasiyası, immiqrasiya və anti-ayrı-seçkilik qanunlarının qəbul edilməsi, LGBT icmasına olan nifrət və cinayətlərin yatırılması və sairə.

Milli.Az