Sülhməramlıların və Tehranın TƏXRİBATINA CAVAB - Amerika masaya oturur: Qarabağla bağlı...

30 Noyabr 2022 15:37

Dünya yeni geosiyasi düzənin astanasındadır. Eyni vaxta bir neçə imperiyanın çöküşünə şahidlik etməkdəyik. Görürük ki, bir vaxtlar ən güclü, sarsılmaz hesab edilən güc mərkəzləri bu gün dizini yerə qoymağa başlayıb.

Lakin bu gün yeni geosiyasi vəziyyətlə barışmaq istəməyən, reallığı qəbul etməyən həmin böyük dövlətlər fərqində də deyillər ki, məhz onların bu dirənişi sonlarını, rejimin parçalanmasını daha da tezləşdirən başlıca amilə çevrilir.

Belə ki, həmin dövlətlər "xarici düşmən" faktoru, daxili problemlər, iqtisadi tənəzzül kimi qəliz bir məngənənin arasında sıxışmağa başlayırlar. Həyatın ironiyasına baxın ki, o dövlətlər iki il bundan qabaq 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyan Azərbaycanın şimal və cənub qonşuları - Rusiya ilə İranın adını xüsusilə qeyd edə bilərik.

Daxildə etirazların inqilab həddinə çatdığı, etiraz dalğasının günü-gündən ölkənin hər küçə, hər kəndinə yayılan İran belə bir məqamda ermənipərəst siyasətindən, erməni sevdasından, Azərbaycana qarşı qərəzli mövqeyindən geri çəkilmək istəmədiyini nümayiş etdirir. Nəinki geri çəkilmir, üstəlik artıq Azərbaycana qarşı hücum planı haqqında belə düşüncələrə düşüb.

Son günlər SEPAH-a bağlı Teleqram kanallarının İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair xəbərlər paylaşması belə deməyə əsaslar yaradır. Paylaşılan xəbərlərdə İranın Bakını vurmaq, buxtanı qısa zamanda ələ keçirərək işğal ssenarisini tətbiq edəcəyi mesajları verilir ki, bu da Azərbaycanı təxribata çəkməkdən başqa bir şey deyil.

Lakin Bakıya qarşı təxribatları indiki məqamda tək İran yox, eyni zamanda Ukrayna müharibəsi ilə çıxılmaz bir bataqlığa girən Rusiyanın da davam etdirməsi diqqətdən yayınmır. Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrini uydurma erməni adları ilə təqdim etməsi, güya Azərbaycan hərbiçilərinin Qarabağda atəşkəsi pozaraq erməni silahlılarını vurması barədə dezinformasiyalar yayması, Laçın dəhlizindən təyinatı üzrə istifadə olunmaması məsələləri ilə bağlı Bakının əlində kifayət qədər dəlil-sübut cəmlənir. 

Rəsmi Bakı və Müdafiə Nazirliyi son günlər bir neçə dəfə bu məsələlərlə bağlı Rusiya sülhməramlı Kontingentinə və MN-nə etiraz bildirsə də, RF-nın sülhməramlı kontingenti bu açıqlamara etinasız yanaşır, Rusiyanın aidiyyəti dövlət qurumları da (MN, XİN və s.) buna hər hansı bir reaksiya verməyi vacib hesab etmirlər.

Azərbaycan-Rusiya münasibətlərinin normal məcrada inkişafı fonunda sülhməramlı kontingentin belə etinasızlığı Azərbaycan ictimaiyyətini hiddətləndirir. Qarabağda toponimlər həssas məsələdir və sülhməramlılara ünvanlanan bu tələb yalnız MN-nin yox, ümumilikdə Azərbaycan ictimaiyyətinin tələbidir. Lakin Rusiyadan Azərbaycanın tələbini vecə almamaq hörmətsizlikdən, ərazi bütövlüyünə təhdid yaratmaqdan başqa bir şey deyil.

Sülhməramlı kontingent baş komandanlığın göstərişi əsasında necə, nə cür hərəkət etmək tapşırığı alır. Şübhəsiz ki, onların Qarabağdakı fəaliyyəti də MN tərəfindən Kreml rəhbərinə məruzə edilir. Yəni sülhməramlıların müvəqqəti nəzarətində olan və olmayan ərazilərdəki vəziyyətlə bağlı ən azı Putinin İlham Əliyev qədər məlumatı var.

Sülhməramlıların bu cür təxribatyönlü davranışları isə ölkəsinin siyasi rəhbərliyinin mövqeyini əks etdirmiş olur. Nəzər salsaq görərik ki, Volkovun belə "cəsarətlənməsi" rusiyalı erməni əsilli Ruben Vardanyanın Qarabağa qeyri-qanuni göndərişindən sonra müşahidə edilməyə başladı. Belə nəticə çıxır ki, rəsmi Moskvanın Qarabağdakı separatçıları və oradakı sülhməramlıları təlimatlandırmaq üçün göndərdiyi bu oliqarxın Qarabağa gəlişi Volkovu da bir xeyli "cəsarətləndirib". 

Amma təəssüf ki, bu gün Azərbaycandan hazırda tək İran və Rusiyanın oyunlarını müəyyənləşdirib, onlara qarşı düzgün qərar verməkdən əlavə başqa təzyiqləri, məkirli planları da müəyyən edib, zamanında dəf etmək naminə daha diqqət tələb olunur. Çünkü bizim üçün region dövlətlərindən Rusiya və İranın yolu nə qədər məlumdursa, okeanın o tayından bölgədə var olmaq, mövqeyini gücləndirmək üçün cəhdlərini artıran Amerikanın əsl məqsədi bir o qədər qeyri-müəyyəndir. Çünki rəsmi Bakı işğal dövrü bir kənara, son 2 ildə dirəkdən dönən çox "zərbə" gördü.

İndiki situasiyada sirr deyil ki, Bakının Tehranla münasibətlərinin birmənalı olmadığı və Moskvanın fəaliyyətindən narazılığı açıq-aydın ortada olduğu bir vaxtda Vaşinqton Cənubi Qafqaz regionunda əlinə düşən bu boşluğu lazımı səviyyədə dəyərləndirmək sevdasındadır.

Bunun üçün Amerikada yaxşı anlayırlar ki, ilk növbədə Azərbaycanla münasibətləri möhkəmləndirmək lazımdır, hərbi əməkdaşlığı, təhlükəsizlik sahəsində əməldaşlığı dərinləşdirmək zəruridir. Amerikada onu da yaxşı bilirlər ki, bu sahələrdə Azərbaycanın malik olduğu imkanlara Cənubi Qafqazın digər iki ölkəsi malik deyil. 

Belə bir məqamda Azərbaycan Ordusunun baş qərargah rəisinin ABŞ-a səfərinin həyata keçirilməsi və orada yüksək səviyyəli görüşlərin baş tutması deməyə əsas verir ki, Amerika əsas rəqibi olan İran və Ruisyanın Azərbaycana qarşı destruktiv mövqeyini öz xeyirlərinə xərcləməkdə qərarlıdır. 

Bütün bu amilləri nəzərə aldıqda deyə bilərik ki, Azərbaycan Ordusunun rəhbərliyinin və nümayəndə heyətinin bu səfərlərində, onlarla görüşlərdə ABŞ tərəfi daha çox maraqlıdır və bu səfər ABŞ-ın təşəbbüsüdür.

Belə görünür ki, erməni lobiisinin içərilərinə nüfuz etdiyi Konqresdə və Senatda Azərbaycan-ABŞ münasibətlərinə problemlər yaratmağa çalışılsa da, Pentaqonda, ABŞ-ın hərbi təhülkəsizlik rəhbərliyində Konqres və Senatdan fərqli düşünürlər.

Bu vəziyyətdən günü-gündən ona qarşı artan təzyiqlər, təhdidlər qarşısında Azərbaycan öz hərbi imkanlarını daha da genişləndirmək üçün maksumum istifadə etməlidir. Xüsusən də belə bir məqamda ABŞ-ın rəsmi Bakıya Ermənistanla Azərbaycan arasında sülh mövzusunda Vaşinqtion formatının dəstəklənməsi çox önəmlidir.

Entoni Blinkenlə İlham Əliyev arasında iki həftə əvvəl baş tutan telefon danışığı, eləcə də Filip Rikerin Senatın Xarici Əlaqələr Komitəsində səsləndirdiyi fikirlər və İrəvana səfər edən general-mayor Daniel Lasikinin bəyanatları Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlara kömək etmək üçün əlindən gələni etməyə kökləndiyini göstərir.

Təhməz Əsədov
Milli.Az