Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Füzulidə erməni vəhşiliyinin şahidi olublar - FOTO

29 Noyabr 2022 19:40

19:40

Təbrizdə doğulan və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ermənistanın işğalından azad olunmuş Ağdam və Şuşa şəhərlərindən sonra Füzuli rayonunda olublar.

Trend-in yerli bürosunun məlumatına görə, "Ərk" Assosiasiyasının prezidenti Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Füzuli şəhərinin mərkəzində də erməni vandallığının şahidi olublar. Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov tərəfindən onlara ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhəri və rayonun kəndləri tamamilə dağıdılıb, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də vandallığa məruz qalıb. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Azərbaycan əsilli tədqiqatçılar Füzuli Beynəlxalq Hava Limanına da gəliblər. Məlumat verilib ki, 44 günlük müharibə zamanı azad edilən torpaqlarda hazırda irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri neçəsi də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Füzuli Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.

Onlara, həmçinin, Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib.

Səfər iştirakçıları sonra Merdinli kəndində erməni barbarlığı ilə tanış olublar. Onlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Qonaqlara Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə də məlumat verilib.

-------

17:08

Azərbaycanda səfərdə olan Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş Şuşa şəhərindən sonra Füzuli şəhərində olublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər iştirakçıları şəhərin ermənilər tərəfindən dağıntılara məruz qaldığının şahidi oldular.

Onlara Füzuli şəhərində aparılan bərpa, tikinti və quruculuq işləri haqqında məlumatlar verilib.

-------

09:52

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Şuşa şəhərinə səfər ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarətləri ilə gəzintiyə start verilib.

Qonaqlar ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları və bərpa quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Milli.Az