Prezidentdən önəmli mesajlar: Azərbaycanla heç kim zor gücü ilə danışa bilməz

25 Noyabr 2022 14:38

Prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda tək ölkəmiz üçün deyil, bütövlükdə region üçün əhəmiyyət kəsb edən bəyanatları ilə yadda qalıb. Ölkə prezidenti Ermənistanla sülh müqaviləsindən tutmuş, iqtisadi, siyasi əhəmiyyət kəsb edən məsələlərə aydınlıq gətirib. Önəmli olan mesajlar arasında xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələni qeyd etmək olar. Prezident bir daha əminliklə bildirib ki, Azərbaycan bu dəhlizin reallaşdırılmasını istəyir. Azərbaycan prezidenti bununla da rəsmi Bakının mövqeyini bir daha diqqətə çatdırıb. 

Eyni zamanda Azərbaycana öz iradəsini zorla yeritmək istəyənlərə də layiqli cavab verib. "Heç bir xarici aktorun öz standartlarını və iradəsini bizə diktə etməsinə imkan verməyəcəyik" deyən dövlət başçısı bununla bir daha bildirib ki, heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik. "Biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq", - dövlət başçısı qeyd edib. Bəllidir ki, Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu da onun iqtisadi inkişafının əsas amillərindən hesab edilir. Güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətin yürütdüyü proqnozlaşdırılan siyasət - bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugünkü reallığın yaradılmasına kömək edib.

Bu gün regionda və onun hüdudlarından kənarda elə bir beynəlxalq iqtisadi layihə yoxdur ki, ölkəmiz orda təmsil olunmasın, yaxud onunla məsləhətləşilməsin. Əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir.

Prezident vurğulayıb ki, beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. Biz bu gün ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırmağa başladıq. Eləcə də, prezident bəyan edib ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.

Tədbirdə dövlət başçının verdiyi önəmli açıqlamalardan biri də o oldu ki, Azərbaycan Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başlayıb. Bu, Azərbaycanın qaz sənayesində artan tələbatı və daha böyük həcmdə qaza ehtiyacı nəzərə aldıqda bu olduqca vacibdir. Azərbaycanın, həmçinin beynəlxalq neft şirkətləri ilə də işi davam etdirdiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, istismarda olan və növbəti ildən istismara veriləcək yeni yataqlardan, o cümlədən Abşeron qaz-kondensat yatağından qaz hasilatını artırmağı planlaşdırılır. İstifadəyə veriləcək yeni yataqlar isə Azərbaycanazə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.

Bəli, yürüdülən məqsədyönlü siaysətin nəticəsidir ki, bu gün Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindədir və onun 90 faizindən artıq hissəsi hazırdır. Avropa İttifaqı ilə Assosiasiya Sazişi artıq imzalanıb və bunun əvəzində Azərbaycan ikitərəfli əməkdaşlıq formatına üstünlük verib. Dövlət başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.

Azər Nuriyev
Milli.Az