Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını BƏYAN ETDİ - TƏHDİDLƏR ARTIR

25 Noyabr 2022 14:50

Ermənistan günü-gündən daha da destruktivləşir. Bunu rəsmi İrəvanın Bakı ilə sülh danışıqlarını pozmaq cəhdləri, sözü ilə əməllərinin üst-üstə düşməməsi göstərir.

İrəvanın bu qədər destruktiv mövqedə dayanmasının səbəbi isə başının ağasının, havadarının çoxluğundan irəli gəlir. Baş nazir Nikol Paşinyanın Azərbaycanla razılaşdırdığı bir çox məsələlərdən dəfələrlə qaçmaq cəhdinin sayını hesablasaq, rəqəmləri itirərik. Amma belə görünür ki, Ermənistan rəhbərliyi ikiüzlü siyasətdə o qədər peşəkarlaşıb ki, nəinki özünü itirmir, heç etdiyi xəyanətlərə görə üzə durmaqdan belə çəkinmir. 

Necə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının iki gün əvvəlki zirvə toplantısında bunu növbəti dəfə nümayiş etdirdi. Belə ki, Paşinyan dəfələrlə onları məhv olmaqdan xilas edən keçmiş ağası Vladimir Putinə bildirib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyənə qədər "Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib".

Paşinyan bu fikirlərlə Rusiyanın rəhbəri olduğu təşkilatı həm şantaj edib, həm də boynuna minnət qoyub. Əslinə qalsa, Ermənistan baş nazirinin ilk çıxışındaca təşkilatdan şikayət edəcəyi gözlənilən idi. Çünki bu toplantı Nikol Paşinyanın Ermənistanı Qərbə inteqrasiyası yolunda olduqca önəmli sayılırdı.

O, bu toplantı zamanı bu cür çıxış ilə KTMT-yə və ona liderlik edən Rusiyaya yarıtmaz, xəyanətkar imici formalaşdıraraq erməni cəmiyyətinə "gördünüz, baxın, Rusiya və onun təşkilatı budur. Mən qorxmadım, xalqımın mənafeyini müdafiə etdim" kimi fikir təqdim etməklə həm özünün daxildə və erməni lobbinistləri arasında divident qazanmağı hədəflədi, həm də insanlarını inandırmağa çalışdı ki, Rusiya ilə əməkdaşlıq, onların olduğu ortamda yer almaq Ermənistana heç vaxt xeyir verməyəcək. 

Bəli, Paşinyan gah çətirinin altına girdiyi, gah maşınına oturduğu Putini İrəvanda məyus etmək üçün əlindən gələni etdi.

Amma KTMT-nin İrəvandakı zirvə toplantısı yenə də ermənilərin ümidini doğrultmadı. Bununla belə, Ermənistan tərəfi Rusiyanın orbitindən qaçaraq Qərbə qucaq açmaq prinsipindən əl çəkmək fikrində deyil. Rəsmi İrəvan bunu Fransanı Azərbaycanla sülh danışıqlarına yenidən cəlb etmək üçün verdiyi son qərardan da nümayiş etdirmiş oldu.

İrəvanın Bakı tərəfindən qəbul edilməz bu qərarını isə dövlət başçısı İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bəyan etdi:

"Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq".

Bunu Paşinyanın sülh danışıqlarını boykotu da adlandıra bilərik. Çünki belə bir qərar verən Nikol Paşinyan çox yaxşı başa düşür ki, Praqa görüşündən sonra Azərbaycanın ərazi bötüvlüyünü təhdid edən, heç bir əsası olmayan iddialar səsləndirən, qatı-ermənipərəst mövqe ortaya qoyan Emanuel Makron və onun Senatının son qərəzli, radikal qətnaməsindən sonra Azərbaycan tərəfi yenidən İrəvanla sülh danışılqarı masası ətrafında Parisi görmək istəməyəcək. 

Məhz erməni baş nazir belə təkliflə çıxış edərək Bakının bu danışıqlardan imtinasını nəzərə alıb ki, sülh perspektivlərini zədələsin. 

Əslində isə bir daha aydın olur ki, Ermənistan tərəfi köhnə ritorikasına sadiq qalaraq regionda sülh, barış, sabitlik üçün addım atmaq niyyətində deyil. Çünki bu, ondan çox onun havadarlarının, himayədarlarının maraqlarına zidd məsələdir. 

Əliyevin sözügedən açıqlamasına istinad edərək deyə bilərik ki, Ermənistan faktiki olaraq Azərbaycanla sülh danışıqlarından imtina edir, üçtərəfli bəyanatları, götürdüyü öhdəlikləri heçə sayır. Buradan isə belə bir nəticə çıxır ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyil. Ermənistan siyasi rəhbərliyinin belə bir sevdaya düşməsi isə sülhdən qaçmaq, bölgədə vəziyyəti gərgin saxlamaq, Qarabağın münaqişəli zona statusunu özünə qaytarmaq məqsədi daşıyır.

Əslində bu proses danışılqarın tərəfləri olan Rusiya və özünü Praqada Ermənistan-Azərbaycan dialoquna pərçimləyərək prosesdə ala başına-kül başına iştirak etməyə çalışan rəsmi Paris üçün də əlverişlidir. Çünki nəticədə hər iki tərəf (Rusiya-Fransa) Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasında maraqlı deyil, hər iki dövlət bölgənin münaqişə ocağı kimi qalmasında, Bakı ilə İrəvan arasında ziddiyyətin artmasında ən maraqlı aktorlardan biri olduqlarını atdıqları addımlarla artıq dəfələrlə nümayişkəranə şəkildə göstəriblər.

Biz bunu əgər Rusiyanın dövlət telekanallarının Azərbaycanın ərazi bütövlüyünə təhdid olan reportajları, sülhməramlılarının məsuliyyət zonalarındakı özbaşına davranışları və Azərbaycanla sərhəddə erməni hərbi təxribatlarına zəmin yaratdıqları hadisələr fonunda biliriksə, Fransa bunun ən böyük nümunəsini bir neçə gün öncə (noyabrın 15-də) Senatının anti-Azərbaycan Qətnaməsi ilə nümayiş etdirdi. 

Hər iki tərəfdən Bakıya qarşı qərəz, ikili standartlar açıq-aydın ortada. Belə bir vəziyyət yaratmaqla danışıqları dalana dirəyərək vaxt qazanan, Qarabağ ermənilərinin "statusu" məsələsini uzatmaq eşqinə düşən revanşistlər və onların ağaları daha bilmirlər ki, belə bir situasiya ilə bölgədəki mövcudluqlarınının sonunu daha da yaxınlaşdırmış olurlar. 

Təbii ki, rəsmi Bakı danışıqların bu mərhələsində Ermənistanın masadan qaçmaq cəhdini sakit izləmək niyyətində deyil. Əvvəlcədən də bəlli idi, bunu İlham Əliyev dəfələrlə müxtəlif çıxışlarında qeyd edib ki, Ermənistanın sülh danışıqlarından imtina etməsi, manipulyasiyalarla vəziyyəti gərginləşdirmək cəhdi, təxribatları Azərbaycanı yenidən güc amilini seçmək məcburiyyəti ilə üz-üzə qoyacaq. Təbii ki, bu ancaq ikitirəlik etməyi artıq həyat tərzinə çevirən Ermənistan hakimiyyətinin seçimi olacaq.

Çünki Bakı İrəvanı nə qədər konstruktivlik göstərməyə, Brüssel danışıqlarında qəbul olunan 5 maddəlik sülh paketinə sadiq qalaraq götürdüyü öhdəliklər çərçivəsində sülhə töhfə verməyə dəvət etsə də, bunun cavabında əksinə Ermənistan hərbi-siyasi hakimiyyətindən bölgədə eskalasiya riskini artıracaq addımlar, bəyanatlar, qərarlara şahidlik etdi.

Vəziyyətin bu həddə çatması isə ən çox sadə erməni xalqını narahat etməlidir. Çünki Paşinyan rejimi hakimiyyətdə ömrünü uzatmaq üçün havadarlarının sifarişlərinə əsaslanan siyasi yol seçib. Bu yol isə, pozucu, təhdid, işğal, revanş, qan-qadadan başqa sadə ermənilərə heç nə verməyəcək.

Təhməz Əsədov
Milli.Az