2023 seçkiləri: Müxalifət Ərdoğana “sürpriz” hazırlayır

24 Noyabr 2022 22:24

Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. 2023-cü il iyunun 18-də baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq.

Ərdoğan prezident seçkilərinə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi "Cümhur ittifaqı"nın vahid namizədi kimi qatılacaq. İqtidardan fərqli olaraq müxalifət cəbhəsi hələ də Ərdoğana qarşı dura biləcək namizədini müəyyən edə bilməyib, hazırda narazı elita arasında qeyri-müəyyən vəziyyət hökm sürür.

Milli.Az modern.az-a isdtinadən xəbər verir ki, Ərdoğanın əsas tələbi müxalifətin qorxmaması, onun qarşısına nümayəndə çıxarmasıdır. Ölkə başçısının seçki mesajından sonra gözlər müxalifətə yönəlib. 6 partiyanın birləşdiyi "Millət ittifaqı"ndan prezidentliyə vahid namizədin kim olacağı maraq doğurur.  
 

"Millət ittifaqı"na hansı partiyalar daxildir?

Ərdoğana qarşı mübarizədə Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu, İYİ Partiyanın lideri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokratiya və Atılım Partiyasının başqanı Əli Babacan eyni düşərgədə yer alır.

6 partiya lideri seçkidə vahid namizəd seçə bilməsə də, qələbə qazanmağa iddialı görünürlər. Müxalifət birliyi prezident seçkilərində qalib gələcəkləri təqdirdə koalisiya hökuməti qurmağı hədəflədiklərini bəyan ediblər:


 
"Qalib gəlsək, Türkiyəni 6 partiya sədri idarə edəcək. Qələbə qazanacağımız təqdirdə yeni prezident ya 6 liderdən biri olacaq, ya da kənardan seçiləcək".

Amma bu bəyanatdan aylar keçməsinə baxmayaraq, liderlər namizəd məsələsində razılığa gələ bilmirlər.

"Millət ittifaqı"na daxil olan Səadət Partiyasının sədri Temel Karamollaoğlu mediaya açıqlamasında deyib ki, "seçkilərin qanuni tarixi müəyyən edildikdən sonra biz "altılıq masası" və ya müxalifət olaraq bir araya gəlib prezidentliyə namizədi açıqlayacağıq".

Xalq seçkilər haqqında nə düşünür?

Prezident seçkiləri ilə bağlı Türkiyə vətəndaşları arasında rəy sorğuları keçirilib.

"Areda Survey" təşkilatının 2023-cü il seçkilərinə dair keçirdiyi son sorğuda Ərdoğanın səsvermənin ikinci turuna keçəcəyi təqdirdə 4 namizədi (Kamal Kılıçdaroğlu, Maral Akşener, Əkrəm İmamoğlu, Mansur Yavaş) qabaqlayacağı qeyd olunub.

Türkiyədə keçirilən digər sorğu da maraqlı nəticələr ortaya çıxarıb.

Belə ki, 3872 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, Ərdoğan seçkidə öz rəqiblərini böyük fərqlə geridə qoyacaq.

"Bu gün prezident seçkiləri olsa və aşağıdakı namizədlər ikinci tura getsə, hansı namizədə səs verərdiniz" sualına respondentlər belə cavab veriblər:

Ərdoğan-Kılıçdaroğlu

İkinci tura Prezident Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kamal Kılıçdaroğlu qalsa, Ərdoğan 47.9 faiz, Kılıçdaroğlu isə 42.4 faiz alar, hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti isə 9.7 faizdir.

Ərdoğan-Akşener

Ərdoğan və İyi partiya sədri Akşener ikinci tura yüksəlsə, hazırkı prezident Ərdoğan 48.3, Akşener 40 faiz səs toplaya bilər. Hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti 11.7 faizdir.

Ərdoğan- Mansur Yavaş

Rəcəb Tayyib Ərdoğan və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş prezident seçkilərinin ikinci turuna qalarsa, Ərdoğan 47.2, Yavaş isə 42.9 faiz səs alacaq.

Ərdoğan-İmamoğlu

Türkiyə lideri və İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci tura qalarsa, Ərdoğan 47.8, İmamoğlu isə 40.5 faiz səs toplayar.

Göründüyü kimi, rəy sorğuları Ərdoğanın şansının yüksək olduğunu təsdiqləyir.

Bəs, siyasi skspertlər gələn ilki prezident seçkilərindən nə gözləyirlər?


Türkiyəli ekspert İmbat Muğlu ölkədəki siyasi durumu və seçkiqabağı prosesləri şərh edib.

Onun sözlərinə görə, hazırda əsas müzakirə mövzusu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı kimin namizəd olmasıdır:

"Erkən seçki, gücləndirilmiş parlament sistemi layihəsi üçün yol xəritəsinin yaradılması və Ərdoğana kimin rəqib olacağı mövzusu aktualdır. Maraqlı məqam budur ki, CHP lideri Kamal Kılıçdaroğlu özü namizəd olmayacaq və partiyasındandan kimisə namizəd göstərməyəcək. Məsələn, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaşı namizəd göstərilməyəcək. CHP daxilindən namizəd göstərməyəcəksə, "Millət iittifaqı"ndakı liderlərdən birini də qəbul edə bilməz. Bunu nə CHP rəhbərliyi, nə də seçicilər qəbul edər. Çünki ittifaqın ən güclü partiyası CHP-dir. Vəziyyət belə olanda yeganə yol qalır. Bu da kənardan kimisə gətirməkdir. Biz bu hadisəni bir dəfə yaşamışdıq".


Ekspert hesab edir ki, Türkiyədə tarix yenidən təkrarlanır. Artıq xalq prosesləri daha dərindən bilir və öz seçimini etmək iqtidarındadır:

"27 fevral 2001-ci ildə o vaxtkı Baş nazir Bülent Ecevit xilaskar adlandırıldı və hakimiyyətə gətirildi. Bu zaman ölkə az qala iqtisadi böhrana məruz qalmışdı. Supermen kimi təqdim edilən Kamal Dərviş iqtisadiyyatdan məsul şəxs kimi vəzifəyə gətirildi. O, külli miqdarda borc götürüb və Türkiyənin borcunu iki qat artırıb. 2002-ci ilin avqustunda istefa verdi. Bu baxımdan o, xaricdən gətirilən adamdır. Siyasət təkrarlansa da, müxalifət hələ çox şeyi öyrənməyib.

CHP sədri Kamal Kılıçdaroğlu 10 avqust 2014-cü ildə prezident seçkiləri üçün 16 iyun tarixində MHP lideri Dövlət Baxçalının yanına namizəd təklifi ilə gedib. Kamal Kılıçdaroğlu Dövlət Baxçalı ilə görüşündən sonra prezidentliyə namizəd olduğunu açıqlayıb. Hamının bildiyi kimi, seçkinin nəticəsinə əsasən, 51,79 faiz səslə Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Tarix 24 iyun 2018-ci ili göstərdiyində də Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində yüzdə 52,59 səslə yenidən prezident seçilib. 2023-cü ildə nə olacaq?

"Millət ittifaqı" kənardan namizəd gətirəcək. Namizədliyi irəli sürülən şəxs birbaşa aktiv siyasətdən uzaq biri olacaq. Bu namizəd isə ölkənin həm iqtisadiyyatında, həm də sosial həyatında rol oynayan biri kimi dəyərləndirilə bilər. Müxalifət bu işləri görərkən iqtidar 2023-cü illə bağlı bir çox perspektivləri nəzərdən keçirəcək və daha güclü olmaq üçün işlər görəcək. İndiki iqtidar seçkiyə qazancla hazırlaşır. Mənə görə, tarix yenidən təkrarlanacaq. İnanırıq ki, hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğan növbəti seçkidə də qalib gələcək".

Milli.Az