“Güney Azərbaycandakı proseslərə hazır olmalıyıq” – Tarixi fürsət

22 Noyabr 2022 21:00

Türkiyənin Ərciyəz universitetinin professoru Qafar Çaxmaqlı Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İranda iki aya yaxındır rejim əleyhinə davam edən ümumxalq etirazlarına dair proqnozunuz necədir: mollalar tələb olunan islahatlara gedəcək, yoxsa baş verənlər hakimiyyət dəyişikliyi ilə nəticələnəcək?

- İranda baş verən olayların davam etməsi o deməkdir ki, rejim geriyə addım atmır, xalq isə hər hansı islahata gedilsə belə, bundan razı qalmayacaq. Deməli, kütləvi etirazların inqilabla nəticələnəcəyi ehtimalı böyükdür. Bizi maraqlandıran bu etirazların Güney Azərbaycanda milli azadlıq hərəkatına çevrilməsidir, bu isə hələ yetişməyib. Səbəblərindən biri önə keçəcək təşkilatçıların və ya təşkilatın olmamasıdır.

Güney Azərbaycan milli hərəkatının liderləri ölkədən kənardadır, onların daxilə müdaxilə imkanları yoxdur. Kütləvi etirazlar davam edərsə və mərkəzi molla hakimiyyəti zəifləyərsə, bu da az ehtimaldır, o zaman nəticə almaqdan söhbət gedə bilər.

- Sizin də dediyiniz kimi, baş verənlərlə bağlı bizi maraqlandıran Güney Azərbaycan məsələsidir. Hesab edirsinizmi ki, artıq Güney Azərbaycanın öz müqəddəratını təyin etmək üçün münbit zəmin yetişib?

- Bu, Güney Azərbaycan xalqı üçün tarixi bir fürsətdir. Daxili siyasi proseslərin hansı istiqamətə yönələcəyindən çox şey asılıdır. Hələlik İranda xalqın etirazı milli haqlar istiqamətində getmir. Prosesi bura yönəltmək üçün xarici vasitələr işə düşməlidir. İranın zəiflədilməsində maraqlı olan ölkələr iş görməlidir. Hələ ki, başda ABŞ olmaqla, bu ölkələr proseslərə aktiv müdaxilə etmirlər. Burada yeni bir sistemin ortaya çıxmasının onların xeyrinə olmayacağını düşünürlər və İranın bu şəkildə qalmasını və daha da zəifləməsini istəyirlər.

Amerikaya burada yeni, 40 milyonluq türk dövlətinin ortaya çıxması sərf etmir. Bu, Türkiyənin əlini gücləndirər deyə, İranı parçalamaq istəmirlər.

- Amma Barak Obama dönəmində Güney Azərbaycan məsələsi ABŞ Konqresinin gündəliyinə salınmışdı. Bu baxımdan, Obama xəttində irəliləyən Co Bayden administrasiyasının yenidən rəfə qaldırılmış bu məsələyə qayıda biləcəyini deyənlər də az deyil...

- Bundan əvvəlki ABŞ hakimiyyətləri, Obama da, digərləri də İrana təsir imkanlarını əldə saxlamaq üçün "Güney Azərbaycan kartı"ndan istifadə edirdilər. O vaxt İranda belə proseslər yox idi. İndi təzyiq vasitəsi kimi niyə ortaya atılmaması da sual yaradır. Demək, Amerikanın İran siyasətində korrektə edilib, bu baxımdan, sızdırılan o məlumat da doğru ola bilər ki, gizli İran-ABŞ danışıqları gedir.

- Qərbin bir sıra media qurumlarında isə İrandakı hadisələrlə bağlı kürd amili daha çox önə çəkilir, nəinki Güney Azərbaycan. Bunu necə izah etmək olar?

- Kürd amilinin ortaya atılması ABŞ-ın "Böyük Yaxın Şərq" proyektinin bir hissəsidir. Amerika bu xətt üzərində özünə bağlı kürd dövlətinin yaradılmasını konsepsiya halında həyata keçirir. Amerika Şimali Suriya və Şimali İraqdakı kürd qruplaşmalarına yardım edir, bu nöqteyi-nəzərdən onun İran kürdlərini də bu proyektə daxil etməsi mümkündür. Ola bilsin ki, Türkiyənin ciddi müqavimətinə görə proyekt ləng gedir, amma bu layihədən vaz keçilməyib.

Amerika bölgədə özünə müttəfiq olacaq bir dövlətin qurulması planını davam etdirir. Amma İraq, Suriya, Türkiyə və İran ərazilərinin kürdlər yaşayan hissəsində bir dövlət qurmağın elə də asan olmadığını başa düşürlər, bununla belə, hər yaranan yeni situasiyanı bu kontekstdə dəyərləndirməyə çalışırlar.

- İrandakı bu mənzərə fonunda molla rejiminin Azərbaycanla münasibətlərini gərginləşdirməsi də diqqətdən yayınmır. İran bir tərəfdən Ermənistanla əlaqələrini sıxlaşdırır və ölkəmizə qarşı cəbhəni genişləndirməyə çalışır, digər yandan Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycana "dostluq və qardaşlıq" mesajı verir. Bunu necə izah etmək olar?

- İranın Azərbaycanla bağlı siyasəti ölkəmiz müstəqilliyini qazandıqdan bəri dəyişməyib. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, işğalçı dövlətə - Ermənistana yardımlar edib, onun yanında olub. İndi də belədir.

Biz "dostluq və qardaşlıq" mesajlarından çox Azərbaycanı təhdid edən açıqlamalar görürük. İran Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsini həzm edə bilmir və qonşuluğunda güclü Azərbaycan istəmir.

Mən onu da istisna etmirəm ki, İranla Azərbaycan arasında hansısa mərhələdə silahlı toqquşma olsun. Təbii ki, İran bu şəkildə davam edə bilməz. Oradakı rejim dəyişəcək. Güney Azərbaycandakı proseslərə hazır olmalıyıq, bu, Türkiyəyə də aiddir.

Biz mehriban qonşuluq prinsiplərinə sadiq siyasət aparırıq. Amma bəzən qarşı tərəf bu siyasəti anlamır, ya da anlamaq istəmir.

- İran-Azərbaycan gərginliyi necə bitə bilər?

- Əslində İranla Azərbaycan arasında elə bir gərginlik yoxdur. Sadəcə İran yetkililərinin narahatlığından doğan sərsəmləmələri var və onlara da diplomatik üslubda cavablar verilir. Gərginlik o zaman olacaq ki, İran Azərbaycanın Ermənistanla bağlı siyasətinə qarşı qəti addım atacaq. Ermənistanı bölgədə özünün müttəfiqi səviyyəsinə gətirən İranın bu situasiyadan yararlı çıxacağı inandırıcı deyil. Artıq bölgəmizdə tarazlıq dəyişib. Bu da nə nə İranın, nə də Ermənistanın xeyrinədir. Hələ mən İranda gedən bu proseslərin hansı istiqamətdə gəlişəcəyini demirəm.

Milli.Az