Son dövrlərdə İranla Azərbaycan arasında gərginliyin yaşanmasının məsuliyyəti İranın üzərinə düşür. 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı aqressiv mövqeyi ortaya çıxdı. İran bir müsəlman ölkəsi olaraq Azərbaycanın qələbəsindən sonra özünü Ermənistanın müdafiəçisi kimi aparmağa başladı və Ermənistanla daha sıx münasibətlər qurmağa başladı. Əlbəttə ki, müsəlman bir ölkənin məscidləri təhqir edib dağıdan Ermənistanla belə isti münasibətlər qurması Azərbaycan xalqını və dövlətini narazı salmaya bilməzdi. Lakin ötən gün İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin açıqlaması İranın geri çəkildiyinin göstəricisi kimi dəyərləndirilə bilər.
Məsələ ilə bağlı bu gün Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, dünən Əli Əkbər Vilayətinin "Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır" deyərək açıqlama verməsi İranın mesajı kimi dəyərləndirə bilərik.
"Lakin onu da qeyd edim ki, vəziyyətin bu həddə çatmasına qonşu ölkənin rəsmi, həmçinin qeyri-rəsmi şəxslərinin Azərbaycana qarşı olan qərəzli çıxışları səbəb olub.
Digər tərəfdən, Qafanda erməni konsulluğu sürətli şəkildə fəaliyyətə başladı. Hətta tərəflər o qədər tələsmişdilər ki, binada təmir işləri belə bitməmişdi, açılış mərasimi gedə-gedə digər tərəfdən də təmir işləri davam edirdi. Bir müddət əvvəl də Ermənistan və İran sərhəddə təlimlərə başladılar. Bu barədə narazılığı Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən dilə gətirdi. Biz bu təlimləri və səfirliyin ani fəaliyyətini ərazi bütövlüyümüzə, milli maraqlarımıza zidd qəbul etdik. Təbii ki, haqlı idik. Xüsusilə, İran tərəfinin "regionda ərazi bütövlüyünün pozulması bizim üçün qırmızı xəttdir" açıqlaması Azərbaycanın daha sərt mövqe ortaya qoymasını şərtləndirdi. İranın Ermənistanı dəstəkləyən açıqlamaları nəinki Azərbaycan xalqı və hökuməti tərəfindən narazılıqla qarşılandı, hətta Cənubi Azərbaycan ayağa qalxdı. Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında Cənubi Azərbaycandan olan həmvətənlərimizin taleyi barədə çıxışı həm cənubda, həm də şimalda böyük sevinclə qarşılandı. Qısa müddətdə Cənubi Azərbaycanın əsas şəhərlərində, küçələrdə Ali Baş Komandanın şəkilləri vuruldu. İran hökuməti də yaxşı bilir ki, əsrlər keçsə də, cənubdakı azərbaycanlılar öz doğma bacı-qardaşlarına, dövlətinə qovuşmaq istəyilə yaşayır. Artıq İran bilir ki, o yalnızca iqtisadi cəhətdən kiçik ölkələrə təsir edə bilər, amma Azərbaycana qətiyyən təsir edə bilməyəcək.
Mən İranın bu günə kimi bütün bəyanatlarını İkinci Qarabağ müharibəsindən sonra dəyişməkdə olan geosiyasi vəziyyətə olan reaksiya kimi qiymətləndirirəm. Müharibə zamanı da Ermənistanı dəstəkləyən İran sonradan eyniylə indiki kimi mövqeyini dəyişdi. Yekun olaraq Əli Əkbər Vilayətinin açıqlamasını gərginlik elementləri aradan qaldırmaq üçün çağırış kimi dəyərləndirə bilərik", - deyə deputat əlavə edib.
"Biz bundan sonra hələ neçə-neçə bu cür geriçəkilmələrin şahidi olacağıq. Azərbaycanın gücünü görməzdən gələn, bizə qarşı hədə-qorxu dolu çıxışlar edən bütün dövlətlər də sonda İran kimi geri çəkiləcəklər".
Bunu isə Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə deyib.
Əli Əkbər Vilayətinin açıqlamasını dəyərləndirən deputat qeyd edib ki, bu açılqma, əslində, İranın yersiz iddialarından, ölkəmizə qarşı qeyri-dost münasibətindən geri çəkilməsi kimi dəyərləndirilməlidir: "Azərbaycan Prezidneti İlham Əliyevin qətiyyətini, ölkəmizin gücünü və dönməzliyini görən İran rejimi sonda geri addım atdı. Könül istərdi ki, qonşumuz əvvəldən reallığı düzgün qavraya və qəbul edə biləydi. Amma nə yazıq ki, 30 ilə yaxın işğal dövründə Ermənistana hər cür yardım edən İran 44 günlük Vətən müharibəsindən sonra da düşmənin sırasında dayandı. Ermənistanı dəstəkləyən açıqlamalar, Qafanda konsulluğun açılması, Təbrizdə Ermənistan konsulluğunun açılması məsələsinin gündəmə gətirilməsi və Azərbaycan sərhədində hərbi təlimlər İran rejiminin atdığı yanlış addımlar idi. Bu addımlar da İran-Azərbaycan münasibətərinin gərginləşməsinə səbəb oldu".
V.İskəndərov deyib ki, bu da son deyil: "İran rəsmiləri Azərbaycana dair ziddiyyətli açıqlamalar verdilər. Hətta bir qədər də irəli gedərək bizi hücumla, torpaqlarımızı zəbt etməklə hədələdilər. Amma bununla özlərini gülünc duruma qoydular. Və, görünür, daha da acınacaqlı duruma düşməmək üçün İran rejimi geri çəkilməyin ən doğru yol olduğunu anladı. Ümid edək ki, Vilayətinin açıqlamasında səsləndiridyi fikirlər səmimidir və İran bundan sonra bizə qarşı düşmən mövqedən çıxış etməyəcək. Çünki əks təqdirdə bundan ən çox ziyan çəkən məhz İran olacaq".
Milli.Az