Britaniya Rusiyadan neft almağa davam edir

21 Noyabr 2022 08:35

Böyük Britaniya hakimiyyətinin Rusiya Federasiyasından tədarükün dayandırılması ilə bağlı iddialarına baxmayaraq, krallıq Rusiya neftini almağa davam edir.

Trend xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən "The Sunday Times" qəzeti məlumat yayıb.

Qəzetin hesablamalarına görə, fevralın sonundan indiyədək dəyəri 200 milyon funt sterlinqdən (238 milyon dollar) çox olan Rusiya nefti daşıyan 39 tanker Britaniya limanlarına gəlib, lakin bu tədarüklərin Rusiyaya aid olması göstərilməyib. Xüsusilə, iyun və iyul aylarında Rusiya Federasiyasından Böyük Britaniyaya neft tədarükü 80 milyon funt sterlinq (95 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilirdi, rəsmi hesabatlarda isə Böyük Britaniyanın nəzərdən keçirilən dövr ərzində ümumiyyətlə Rusiyadan neft almadığı göstərilir.

Məlumata əsasən, Böyük Britaniyanın sənədlərində rus neftinin faktiki tədarükü Avropa kimi qeyd edilirdi, çünki Rusiyanın limanlarından birindən (məsələn, Tuapse və ya Novorossiysk) daşınan neft Aİ ölkələrindən birində (məsələn Yunanıstan, Almaniya və ya Hollandiya) bir gəmidən digərinə yüklənirdi, sonra isə Böyük Britaniyaya gəlirdi. "The Sunday Times" belə bir sxemin mövcud dəniz qanunlarını pozmadığını vurğulayır: Böyük Britaniyada şirkətlər neftin hasilatçısını deyil, göndərilən ölkəni göstərməlidirlər.

Milli.Az