İran gec də olsa, anladı və geri çəkildi: Bakının gücü az deyil

20 Noyabr 2022 22:21

"Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə..."

Bunu İran ali rəhbəri ayətulla Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Vilayətinin açıqlaması yetərincə maraqlı, simvolik, həm də simptomatikdir.

O, deyib: "Özümü azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir".

Ə.Vilayəti bildirib ki, İranın heç bir qonşu ölkə ilə müharibə səbəbi yoxdur.

"Qürurla vurğulayıram ki, mən də digər iranlılar kimi özümü Əlburus dağının ətəklərindən azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir.

Son günlər bəziləri məlumatsızlıqdan, bəziləri isə pis niyyətindən İranın Azərbaycan Respublikası ilə müharibə etmək istədiyi barədə şayiələr yayırlar.

İranın istər Qafqazda, istərsə də digər yerlərdə heç bir ölkəyə, xüsusən də qonşularına, həmçinin də eyni cinsdən, irqdən, dildən, dindən, adət-ənənədən və tarixdən olan insanlara zərrə qədər təcavüz etmək niyyəti yoxdur.

Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır.

Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır.

Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə..."

Professor Vilayətinin açıqlamasında Bakıya ünvanlanmış messiclər həddən ziyadədir.

Özünü "azərbaycanlı, amma iranlı" adlandıran məşhur və nüfuzlu İran siyasətçisi xüsusi israrla, dəfələrlə vurğulayır ki, bəs İran İslam Respublikasının Azərbaycanla bağlı "heç bir aqressiv niyyəti olmayıb".

Cənab Vilayəti İran diplomatiyasının təməl qanunlarına riayət edərək ağı qara, qaranı da ağ qələmə verməklə əvvəlcə rəsmi Bakını, sonra da İranı kamına almış genişmiqyaslı etiraz aksiyalarında aparıcı qüvvə olan Güney Azərbaycanını sakitləşdirməyə çalışır.

Amma diplomatik kazuistikanı bir kənara qoyaraq, açıq yazsaq - yalan danışır!

Bizə "gözümüzün nurusunuz" deyən insan gözlərinin içinədək saxtakarlıq edir.

Çünki Azərbaycanla İran arasındakı mövcud gərginliyin triqqeri məhz rəsmi Tehran olub.

Müxtəlif ruhanilər, siyasətçilər, ekspertlər, teleaparıcılar, generallar, az qala Tehran küçələrində susatanlar xalqımızın, dövlətimizin, hakimiyyətimizin ünvanına hədyanlar deyəndə Vilayəti niyə susurdu?

"Regionda ərazi bütövlüyünün pozulması bizim üçün qırmızı xəttdir", "Sionist rejiminin şimal sərhədlərimizdə möhkəmlənməsinə icazə verməyəcəyik" və s. kimi sərsəm bəyanatlar səslənəndə, açıq-aşkar şəkildə Ermənistanı dəstəklənməyə yönəlmiş çıxışlar ediləndə Vilayəti niyə danışmırdı?

İran rəsmilərinin, nazirlərinin son vaxtlarda Ermənistana intensiv səfərləri, Qafanda tikintisi başa çatmamış binada tələm-tələsik İran konsulluğunun açılması, Təbrizdə (!) Ermənistan konsulluğunun açılması barədə qərarı da unudaq?

Bəlkə cənub sərhədlərimizdə təlim keçirərək "Araz çayının keçilməsi" təmrinlərinin icra edilməsini, bu təlimlərdən görüntüləri çap edən İran mediasının "Arazı hər an keçə bilərik" hədələrini də yada salmayaq?

İxtisasca həkim, sabiq xarici işlər naziri, iki dəfə İran prezidentliyinə namizəd olmuş Əli Əkbər Vilayəti çox təcrübəli və intellektual diplomat, siyasətçidir.

Onun Azərbaycana ünvanlanmış bəyanatı da əslində üzrxahlıq yox, İranın son aylardakı gərginlik və geosiyasi qarşıdurma prosesində məğlub olmasının etirafıdır.

İrandakı klerikal hakimiyyətin, teokratik diktaturanın diplomatiyada son onilliklərdə yürütdüyü prinsip bəsitdir: "qorxut, hədələ, dividendlər əldə et".

Fars Körfəzi ölkələrinə və ümumiyyətlə, Yaxın Şərqdəki dövlətlərə qarşı İrann məhz belə ultimativ bəyanatlarla "bəzədilmiş" siyasət yürüdüb.

Tehrandakı ayətullalar həmin siyasəti olduğu kimi saxlayaraq Bakıya tətbiq etməyə çalışdılar.

Alınmadı.

Ərazi baxımından İrandan 19, əhali baxımından isə təxminən 7 dəfə kiçik olsaq da, xalqlar həbsxanasına və insan haqları məzarlığına çevrilmiş İran bu dəfə daşın qayaya rəst gəldiyini, pressinqinin və ultimatumlarının tam əks nəticə verdiyini gördü.

Əslində, İran rəsmi Bakı ilə münasibətlərdə yaşananlardan dərs almır və deyəsən, almaq iqtidarında da deyil.

İndiki proseslərin təxmini analogiyası ötən il yaşanmışdı.

Daha əvvəl, İranda Mahmud Əhmədtinejatın prezidentliyi dönəmində də rəsmi Tehran ölkəmizə qarşı absurd ittihamlar irəli sürərək münasibətləri sərinləşdirmişdi.

İran, əslində, Əhmədinejatın çox uğursuz və primitiv bəyanatlarının çox ciddi əks-təsirlə qarşılaşdığını görəndə dərk etməliydi ki, Azərbaycanla güc, təzyiq və hədə vasitəsilə, ultimativ tonda danışmaq fəsadlıdır,

Tehran hələ o vaxt birdəfəlik əxz etməli idi ki, ölkəmiz, xalqımız və hakimiyyətimiz həmişə milli maraqların qorunmasında, mənafelərin təminatında iradəli, qətiyyətli və dönməz olub.

Siyasətimizdə bir mikronluq belə, dəyişiklik yoxdur: maraqlarımızı əvvəlki qətiyyətlə qoruyuruq və təmin edirik.

Fəqət, budəfəki proseslər Tehran teokratikayasını çox təşvişə saldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında acı taleyin hökmu ilə bizdən ayrı düşən Cənubi Azərbaycandan olan qardaş və bacılarımıza xitab edərək onların milli kimlik və ana dilində təhsil almaq hüquqlarından bəhs etməsi, ölkəmizin büt

ün dünyadakı soydaşlarımıza dəstək olduğunu və bundan sonra da olacağını bəyan etməsi klerikalları əməllicə narahat edib.

Həmin narahatlıq Azərbaycanın dövlət başçısının Səmərqənd çıxışından sonra çox qısa müddətdə Güney Azərbaycanın az qala bütün şəhərlərinin küçələrində İlham Əliyevin portretləri olan plakatllarının vurulmasından sonra dəfələrlə artdı.

Cənub sərhədlərimiz boyunca İranın təlimlər keçirməsidən dərhal sonra Azərbaycan tərəfindən xüsusi təyinatlıların iştirakı ilə daha yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış hərbi təlimlər keçirməsi Tehrandakı klerikallarda az qala isteriya yaratmışdı.

Daha sonra İranın Azərbaycan ərazisində qurduğu və geniş həlqəyə malik olan cəsus şəbəkəsi ifşa olundu, faktlar və sübutlar nümayiş olundu.

İranın Azərbaycan daxilində illər ərzində qurduğu və hazırladığı nüfuz şəbəkəsi və dini-ideoloji təbliğat resursları qısa müddətdə iflic vəziyyətinə gətirildi.

Bütün bunların, habelə aşkar ermənipərəst siyasət yürütməsi nəticəsində İran İran Azərbaycanda cəmiyyətin nəzərində özünü tam ifşa etdi.

Tehrandakı analitiklər, siyasətçilər və ekspertlər də artıq etiraf edirlər ki, Azərbaycanın ictimai rəyində İranın nüfuzu faktiki olaraq yoxdur.

Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərarsa Tehran teokratiyasına gürz zərbəsi oldu.

... Əli Əkbər Vilayəti İranda yetrəincə nüfuz və çəki sahibi, ölkənin xarici siyasətinin "kölgə rejissoru", İranın de-fakto XİN başçısıdır.

Onun ölkəmizə və xalqımıza ünvanlanmış bəyanatı əsla təsadüfi, impulsiv açıqlama hesab edilə bilməz.

Bu bəyanat İranın Bakıya ünvanladığı, ən yüksək səviyyədə məğlubiyyət etirafı, münasibətlərdəki ifrat gərginliyə son qoymağa və əlaqələri normallaşdırmağa çağırışdır.

Düşünürəm ki, Əli Əkbər Vilayətinin çağırışını rəsmi Bakı laqeydcəsinə qarşılamayacaq, çünki İranla münasibətlərin daim gərgin saxlanması Azərbaycan dövlətinin geosiyasi və geostrateji maraqlarına cavab vermir.

İstənilən halda gərginliyin amplitudası azalmalıdır.

Lakin bu, heç bir halda maraqlarımızdan və mənafelərimizdən yota qədər geri çəkilmək, İrana inanmaq anlamına gəlmir.

İran bizə müttəfiq, qardaş ölkə olmayıb və olmayacaq.

Bu ölkə ilə ən yaxşı halda adi tərəfdaşlıq və qonşuluq münasibətlərini yürütməliyik.

Güney Azərbaycandakı soydaşlarımızı dəstəkləməyə davam etməli, İrandakı klerikal hakimiyyətin iç niyyətinin Azərbaycanın dövlət kimi məhv olmasından ibarət olduğunu unutmamalıyıq.

Elçin Alıoğlu
Milli.Az