Ermənilərin maliyyələşdirdiyi ABŞ senatorunun erməni həyat yoldaşına qarşı korrupsiya işi açıldı

20 Noyabr 2022 13:25

ABŞ-ın federal prokurorları senator Bob Menendezin həyat yoldaşı Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsini araşdırır.

Milli.Az bu barədə APA-ya istinadən xəbər verir. 

Bildirilib ki, Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokuroru "Arslanyan işi" ilə əlaqəli şəxsləri məhkəməyə çağırıb.

Bir neçə ay əvvəl göndərildiyi bildirilən məhkəmə çağırışında cütlüklə bağlı məlumatlar istənilib, lakin bu məlumatların konkret olaraq nə haqqında olduğu bəlli deyil.

Hazırkı təhqiqatın 2019-cu ildə Misirə halal ət ixrac etmək icazəsinə malik yeganə şirkətin sahibi Vael Hananın evində və ofisində aparılan axtarışla əlaqəli olduğu bildirilir.

Vael Hananın senator Menendezin həyat yoldaşı Nadine Arslanyanla əlaqələri olduğu açıqlanıb.

Hananın vəkili Lourens Lutsberqin 2020-ci ildə təqdim etdiyi məhkəmə sənədlərinə görə, prokurorlar ABŞ-da mümkün gizli xarici lobbiçilik fəaliyyətini, həmçinin digər mümkün federal qanun pozuntularını araşdırırlar.

Prokurorların eyni zamanda, Nyu Cersidən olan vəkil, Nadine Arslanyanın uzun müddətdir dostluq etdiyi Andranik Arslanyanı da məhkəməyə çağırdığı qeyd olunub.

Hazırkı araşdırmaların Menendezə qarşı 2015-ci ildə başladılmış ictimai-korrupsiya işindən ayrı olduğu bildirilib.

Qeyd edək ki, bu iş Menenedez və ailəsinə qarşı ilk korrupsiya ittihamı deyil. Federal prokurorlar senatora qarşı 2015-ci ildə də korrupsiya ittihami ilə araşdırmalara başlayıblar.

Araşdırmalar dörd il davam etsə də, iş məhkəməyə aparılmadan prokurorlar tərəfindən ləğv edilib. ABŞ mediasında senatorun azyaşlılarla cinsi əlaqədə olması ilə bağlı iddialar da dərc edilib.

Ermənilər tərəfindən maliyyələşdirilən və ABŞ Senatında erməni lobbiçiliyi ilə məşğul olan Menendez vaxtaşırı Azərbaycana qarşı kəskin qərəzli, əsassız və şər-böhtan dolu iddiaları ilə gündəmə gəlir.

Heç kimə sirr deyil ki, uzun illərdir ABŞ Konqresində erməni lobbisinin ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez kimi senatorlar, eləcə də bəziləri külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycana qarşı hər qərəzli sifarişi canla-başla yerinə yetirirlər.

Senator Menendezin 2005-cı ildən başlayaraq müxtəlif vaxtlarda erməni lobbi təşkilatlarından 250 min ABŞ dolları əldə etməsini vurğulamaqda fayda var.

Nensi Pelosinin, habelə ABŞ Konqresinin nümayəndələrindən ibarət daha bir qrupun bir müddət əvvəl İrəvana səfərinin də məhz erməni lobbisinin dəstəyini və çirkli pullarını əldə etmək məqsədi daşıdığı gün kimi aydın idi.

Milli.Az