Daxilində Qurandan bir şey olmayan kimsə xaraba ev kimidir

4 Dekabr 2022 19:55

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur:

"Allah-taalanın öz kitabını əzbərləmək nemətini ona bəxş etdiyi kimsə, başqalarına ondakı nemətdən böyük nemət verildiyini güman etsə, şübhəsiz ki, ən böyük nemətə qarşı hörmətsizlik və naşükrlük etmişdir."[1]

"Daxilində Qurandan bir şey olmayan kimsə xaraba ev kimidir."[2]

"Sizlərdən kimsənin "filan ayəni unutmuşam" deməsi yaxşı deyil. (Belə deyil) Yadından çıxarılmışdır. Quranı (yaddaşınızda vərəqləyin və) yadınıza salın. Çünki canım əlində olana and olsun ki, Quran insanların sinəsindən, dəvə bəndindən qopandan daha tez qopar."[3]

"Quranı içlərində daşıyanlar (və əzbər bilənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər."[4]

"Mənim ümmətimin böyükləri və kübarları Quran daşıyanlar və gecəni ibadətdə dirigözlü açanlardır."[5]

"Allah qarşısında tam və aşkar təvazökarlığa ən layiq olanlar Quranı əzbər bilənlərdir. Namaz qılmağa, aşkarda və gizlində oruc tutmağa layiq olan da, Quranı əzbər biləndir."[6]

"Quranı qoruyan kimsəyə, ona qarşı sərt rəftar edənə sərt olmaq yaraşmaz. Daxilində Allahın kəlamı olan (ona qarşı) cahilcəsinə rəftar edənlə ağılsız davranmaz"[7]

İmam Sadiq (ə) buyurub: "Qurana əməl edən hafiz, mətləb gətirən mələklər qədər hörmətli və yaxşı əməl sahibi olar." [8]

Başqa bir hədisdə imam (ə) buyurub: "Kim Quranın bir surəsini unudarsa, həmin surə (cənnətdə) gözəl bir surət və yüksək məqam timsalında qarşısında canlanar.

Həmin şəxs onu gördükdə soruşar: "Sən kimsən? Nə qədər gözəlsən! Ey kaş mənim olaydın." Cavab verilər: "Məni tanımırsan? Mən filan surəyəm. Məni yadından çıxarmasaydın, səni yüksək məkana aparardım."[9]

[1] Kənzul-Ummal, hədis 2317

[2] Kənzul-Ummal, hədis 2478

[3] Kənzul-Ummal, hədis 2850

[4] Camiul Əxbar, səh. 115, hədis 202

[5] əl-Xisal, səh. 7, hədis 21

[6] əl-Kafi, c. 2, səh. 604, hədis 5

[7] Kənzul-Ummal, hədis 2347

[8] əl-Kafi, c. 2, səh. 603, hədis 2

[9] Səvabul-Əmal, səh. 283, hədis 1

Milli.Az