Bir sərnişinə görə təyyarədəkilər yolda qaldı

15 Noyabr 2022 16:56

ABŞ "Frontier Airlines" Hava Yollarına məxsus təyyarə bıçaqlı sərnişinə görə təcili eniş edib.

Milli.Az bildirir ki, hadisənin təfərrüatlarını hava limanının rəsmi nümayəndəsinə istinadən "New York Post" nəşr edib.

İnsident cümə günü, noyabrın 11-də Sinsinnatidən Tampaya uçan təyyarədə baş verib. Nəşrin məlumatına görə, uçuş zamanı sərnişinlərdən biri qəflətən özünü aqressiv aparmağa başlayıb: əvvəlcə həmin şəxs stüardessalarla mübahisə edib, sonra isə bıçaqla digər sərnişinləri və uçuş heyətinin üzvlərini qorxutmağa başlayıb.

Təyyarədə yaranan çaxnaşma səbəbindən laynerin kapitanı "Hartsfield-Cekson" Atlanta Beynəlxalq Hava Limanında eniş etmək qərarına gəlib. Eniş etdikdən sonra qeyri-adekvat sərnişin polis tərəfindən saxlanılıb. "Frontier Airlines" Hava Yollarının sözçüsü Cennifer De La Kruz hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib: "Təyyarə təhlükəsiz şəkildə Atlantaya endi və sərnişin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb".

İrfan Vəliyev
Milli.Az